AZ

Əsəd rejimi ilə bağlı dəhşətli faktlar – Səs gəlir, insanlar tapılmır

Bəşər Əsədin hakimiyyətinin devrilməsindən bəri qohumlarından xəbər almaq ümidi ilə Suriya vətəndaşları ölkənin ən məxfi və bədnam həbsxanası olan Sednaya axışır. Yeraltından səslər gəlsə də, saxlanılan məhbuslarla əlaqə saxlamaq mümkün deyil.

NOCOMMENT.az News24.az-a istinadən xəbər verir ki, həbsxana 1980-ci illərin əvvəllərində paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə tikilib. Həbsxana Əsəd ailəsinin uzun müddətdir ki, öz rejiminə qarşı çıxanları saxladığı yer olub. İnsan haqları təşkilatları tərəfindən “insan sallaqxanası” kimi tanınan Sednaya yaxından gizli saxlanılıb və indiyədək həbsxananın içindən heç bir görüntü çəkilməyib.

Suriya İnsan Haqları Şəbəkəsi Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra 157 mindən çox adamın həbs edildiyini açıqlayıb. Bunlardan 5 min 274-ü uşaq, 10 min 221-i qadındır. Bu müddət ərzində 15 mindən çox insanın işgəncə altında öldüyü də iddia edilir.

Həbsxanalardan birinin içindən çıkilən yeni görüntülərdə insanların sümüklərini sındırmaq və məhbusları edam etmək üçün istifadə edildiyi görünən orta əsrlərə aid bədən presi göstərilir.

İnsan haqları şəbəkəsi rejimin 72 müxtəlif işgəncə üsulunu sənədləşdirib. Bunlara cinsiyyət orqanlarına elektrik cərəyanı vermək və ya ağır çəki daşları asmaq; neft, metal çubuqlar, barıt və ya tez alışan pestisidlərlə yandırma; divar və həbsxana kamerasının qapısı arasında başları əzmək; gövdələrə iynələr və ya metal sancaqlar soxmaq; məhbusları geyimdən, çimməkdən, tualetdən və s. yerlərdən məhrum etmək aiddir.

Həbsxana Dəməşqdən kənarda, təpədə yerləşir və 1,4 kvadrat kilometr ərazini əhatə edir. Beynəlxalq Amnistiya Təşkilatının 2017-ci il hesabatında Sednayada minlərlə insanın kütləvi şəkildə asıldığı aşkarlanıb. Bu hadisədən sonra həbsxananı “İnsan sallaqxanası” adlandırdılar. Bu həbsxanada adətən bazar ertəsi və çərşənbə gecələri hər həftə 20 ilə 50 arasında insan öldürüldüyü açıqlanıb. Beynəlxalq Amnistiya Təşkilatının hesablamalarına görə, 2011-ci ilin sentyabrından 2015-ci ilin dekabrına qədər 5000-13000 nəfər edam edilib.

Əsəd rejiminin süqutundan sonra qorxu filmini xatırladan bu həbsxanaya yaxınlarını axtarmağa gedən Suriya vətəndaşlarının həyəcanlı gözləyişləri davam edir. Yeraltına qədər uzanacağı təxmin edilən həbsxanada içəridəki məhbusların səsləri eşidilsə də, onların harada olduqlarını bilmək mümkün deyil.

Seçilən
26
1
nocomment.az

2Mənbələr