ABŞ Ukraynaya 20 milyard dollar kredit ayrılmasına dair qərar qəbul edib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyi açıqlayıb.
Nazirliyin açıqlamasından aydın olur ki, kredit Qərb banklarında dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlir hesabına qaytarılacaq.
Qeyd edək ki, G7 ölkələrinin qəbul etdiyi qərara əsasən bu qrup və Avropa İttifaqı Ukraynaya ümumilikdə 55 milyard dollar kredit ayırır. Bu kredit tamamilə Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına ödəniləcək. Avropa ittifaqı artıq bu mexanizm əsasında Ukraynaya 35 milyard dolların ayrılmasına dair qərar qəbul edib.
Rusiyanın 270 milyard dolları Avropada olmaqla, Qərb maliyyə institutlarında 300 milyard dollardan yuxarı valyuta ehtiyatları dondurulub. Bu məbləğin 180 milyard dolları Euroclear depozitarının idarəetməsindədir. Kreditdən əlavə, bu vəsaitlərin yenidən investisiya edilməsindən əldə olunan gəlirlər də Ukrayna üçün xərclənir. Artıq 2,5 milyard avroluq ilk tranş Ukrayna üçün ayrılıb. Gələn il martın sonunadək daha 4,5 milyard avronun Kiyevə çatdırılması nəzərdə tutulur.
Musavat.com