AZ

Rusiya ağır itki qarşısında: Bölgədəki yeganə bazası bağlana bilər

Hazırda ABŞ-ın Suriyadakı Rusiya bazalarının vəziyyəti və yeni Suriya hökumətinin onlarla nə edə biləcəyi ilə bağlı heç bir məlumatı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Bununla belə, Miller əmindir ki, Rusiya bazalarının gələcəyi Kremlin son onilliklərdə Suriyadakı dağıdıcı fəaliyyətlərindən təsirlənəcək:

“Rusiya yüz minlərlə günahsız Suriya vətəndaşını qətlə yetirən qəddar rejimi (Bəşər Əsəd) dəstəklədi. Rusiya hökuməti Suriyada dinc əhaliyə zərbələr endirib. Rusiya bu hücumlara görə məsuliyyət daşıyan qəddar tirana artıq sığınacaq verib. Ortada bütün Suriya xalqına cavab verməli olduqları bir durum var”.

ABŞ rəsmisi hesab edir ki, bütün bu amillər Suriyanın yeni hökumətinin Rusiya hərbi-dəniz bazalarının gələcək taleyi ilə bağlı qərarına təsir edəcək:

“Suriyadakı Rusiya obyektlərindən söhbət gedəndə suriyalılar bu sualları versələr, təəccüblənmərəm. Rusiyanın Suriyadakı bu bazalar vasitəsilə əldə etdiyi təsir son 10-12 ildə Suriya xalqı üçün fəlakətli oldu”.

Devrilmiş, hazırda Rusiyada gizlənən Bəşər Əsədin taleyinə gəlincə, Millerin fikrincə, o, Beynəlxalq Cinayətlər Məhkəməsindən əlavə, Suriya xalqının məhkəməsi qarşısına çıxmalıdır.

Rusiyanın Yaxın Şərq regionundakı yeganə hərbi bazası Suriyada yerləşir. Bu baza SSRİ dönəmindən mövcuddur.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
31
teleqraf.com

1Mənbələr