Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni, Almaniya kansleri Olaf Şolts və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə telefon danışığı aparıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışıqlarında Suriyadakı son hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Meloni ilə görüşündə son hadisələrin Türkiyənin yürütdüyü humanitar və vicdanlı siyasətin nə qədər doğru olduğunu göstərdiyini, Türkiyənin Suriyada sülh, azadlıq, dialoq və ədalət tərəfdarı mövqeyini davam etdirdiyini və bunun vacib olduğunu bildirib,
Ərdoğan Almaniya kansleri Olaf Şoltsla da telefon danışığı aparıb. Görüşdə Suriyadakı son vəziyyət, regional və qlobal hadisələr müzakirə edilib.
Prezident Ərdoğan fon der Leyen ilə görüşündə bildirib ki, Türkiyə Suriyanın terror ünsürlərindən təmizlənməsi üçün, birliyinin təmin edilməsi, ərazi bütövlüyünün qorunması üçün bütün suriyalılarla birlikdə, Suriya xalqına gələcəkdə də güclü dəstəyini davam etdirəcək.
Ərdoğan suriyalıların ləyaqətli, təhlükəsiz və könüllü şəkildə ölkələrinə qayıtmaları üçün prosesin planlaşdırıldığını və Suriyanın yenidən qurulması işlərinin geri dönüşü sürətləndirəcəyini bildirib.
Görüşdən sonra sosial media hesabından açıqlama verən Ursula fon der Leyen Suriyadakı hadisələri müzakirə etmək və prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün gələn həftənin əvvəlində Türkiyəyə səfər edəcəyini açıqlayıb.