Özbəkistanda Millii Dirçəliş Partiyasının lideri Əlişir Kadırov Mərkəzi Asiya ölkələrini Rusiya siyasətçilərinin əcnəbilərin Rusiyaya giriş və qalma qaydalarını sərtləşdirmək ideyalarını dəstəkləməyə çağırıb.
Hafta.az-ın Podrobno.uz-a istinadən yazdığına görə, o, həmçinin Rusiya ilə viza rejiminin yaradılmasının tərəfdarı olduğunu bildirib.
Özbəkistanlı siyasətçi özünün Telegram kanalında rusiyalı siyasətçilərin, xüsusən də bu yaxınlarda Özbəkistan vətəndaşları üçün vizaların tətbiqi ilə bağlı danışan “Ədalətli Rusiya” Partiyasının lideri, deputat Sergey Mironovun miqrantlara qarşı bəyanatlarını şərh edib. Bəyanat Özbəkistanın Kazandakı Baş Konsulluğunun həmvətənlərinin Rusiya ordusunda xidmətdən imtina etməsi ilə bağlı çağırışına cavab olub.
Əlişir Kadırovun fikrincə, Mərkəzi Asiya ölkələri Rusiya siyasətçilərinin təşəbbüslərini dəstəkləməlidir. Çünki təklif olunan nəzarətin gücləndirilməsi yalnız faydalı olacaq.
“Biz etiraf edirik ki, xaricə iş dalınca gedən soydaşlarımız yerli dili, mədəniyyəti, qanunları və işlərinin xüsusiyyətlərini bilməlidirlər. Beləliklə, biz öz hüquqlarını müdafiə edə bilməyən, yerli ksenofobların ayrı-seçkiliyinə razılaşan, ən əsası isə məsuliyyətsiz şəkildə həyatını satan, ciddi sosial vəziyyət yaradan vətəndaşlarımıza kömək edəcəyik. Burada Özbəkistanın üzərinə siyasi və iqtisadi yük düşür”, - Kadırov yazıb.
Siyasətçi hesab edir ki, qarşılıqlı viza rejiminin tətbiqi “Rusiyada gözlənilən qeyri-sabitlik” fonunda mühüm addımdır və bu, Özbəkistana gələn köçkünlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Eyni zamanda qeyd edib ki, Özbəkistanda yaşayan hər kəs də özbək dilini, mədəniyyətini və yerli dəyərləri bilməli və onlara hörmət etməlidir.
Qeyd edək ki, Əlişir Kadırov daha əvvəl Özbəkistanda Rusiya siyasətinin təsirini məhdudlaşdırmağa çağıran bəyanatlar verib. O, ölkədə rus dilinin istifadəsinin azaldılmasını, Özbəkistanda sovet ideologiyası və simvollarının təbliğatının rəsmən yasaqlanmasını təklif edib.