AZ

Özəl sektorda istismarçılıq: niyə sərt tədbirlər görülmür?

Azərbaycanda özəl sektorlarda işçilərin qanunla müəyyən edilən iş saatlarından artıq işlədilməsi geniş yayılmış problemdir. Mövcud qanunvericiliyə əsasən, gündəlik iş vaxtı 8 saat, həftəlik iş vaxtı isə 40 saatdan artıq ola bilməz. Əmək Məcəlləsinə uyğun olaraq, iş həftəsi adətən, beşgünlük olaraq müəyyən edilir, lakin altıgünlük iş həftəsi tətbiq edildikdə iş saatları gündəlik 7 saata endirilməlidir. Bununla belə, bəzi özəl müəssisələrdə işçilərin gündə 15-16 saat işlədilməsi hallarına rast gəlinir.

Bəs özəl sektorda əmək hüquqlarının pozulması halları niyə geniş yayılıb? Aidiyyatı qurumlar bu istiqamətdə nədən sərt tədbirlər görmürlər?

Mövzu ilə bağlı Bakıpost.az -a danışan hüquqşünas Ramil Süleymanov ə bildirib ki, vətəndaşlar bu pozuntularla bağlı müvafiq qurumlara müraciət etdikdə tədbirlər görülür:



"Özəl müəssisələrdə belə pozuntu halları çox və mütəmadidir. Bunun ən böyük səbəbi, işçilərin bəzən iş tapa bilməməsi, eyni zamanda işəgötürənlərin bundan sui-istifadə etməsidir. Lakin vətəndaşlar bu pozuntularla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə onlayn qaydada, “142 Qaynar xətt”ə zəng edərək və ya birbaşa şikayət ərizəsi ilə müraciət etdikdə, dərhal yoxlama təşkil olunur. Qeyd edim ki, verilmiş şikayət əsasında işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Yalnız müqavilə müddətinin tamam olması ilə əmək müqaviləsinə xitam verilə bilər.

Bir-iki nəfərin belə şikayət etməsi müfəttişliyin bu məsələləri araşdırması üçün əsasdır. Bundan əlavə, bu problemlər o qədər geniş yayılmışdı ki, ölkə başçısı dəfələrlə müşavirələrdə işçilərin iş saatından artıq işlədilməsi ilə bağlı məlumatların daxil olduğunu və bu sahədə nəzarətin gücləndirilməsi gərəkdiyini vurğulamışdı".

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da bu problemin həm dövlət, həm də özəl sektorda mövcud olduğunu vurğulayıb:



"İşçiləri əlavə iş saatlarına cəlb edib ödəniş etməmək kimi hallara tez-tez rast gəlinir. Bu sahəyə nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Lakin 2015-ci ildən etibarən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müəssisələrdə yoxlamalar aparmaq icazəsi verilmədiyindən, bəzi işəgötürənlər bu vəziyyətdən sui-istifadə edir. Amma bu da haqlı qanundur, çünki yoxlamalar olduğu zaman sahibkarlıq subyektləri çox əziyyət çəkirdi. Korrupsiya halları baş verirdi və s.”

Hüquqşünas Fərhad Mehdiyev də hesab edir ki, şçilərin qanunla müəyyən edilən iş saatlarından artıq işlədilməsiu kimi halları inzibati yollarla tənzimləmək çətindir:



"Şikayət olmadan bu pozuntuları müəyyənləşdirmək çox çətindir. Proses yalnız işçi şikayət etdikdə başlayır. Bu şikayətlər də, adətən, işçi işdən çıxarıldıqdan sonra baş verir. Şikayət gəldikdə müfəttişlik adətən, işəgötürənləri cərimələyir, iş məhkəməyə gedir və s. İşin pis tərəfi odur ki, işçilər bu qəbildən şikayətlər etdikdə, çox hallarda məhkəmədə sübut edə bilmirlər. Çünki bir çox iş yerlərində işçilərin giriş-çıxış vaxtları qeydiyyata alınmır. Şahid tapmaq lazım gəlir, amma şahid tapmaq çətin olur. Mövcud işçilər əvvəl işdən çıxanları tanımır, işləyən şəxslər isə ifadə verməkdən çəkinir, çünki bu halda işdən çıxarılacaqlarını düşünürlər. Ümumilikdə, hazırda bu məsələ əmək bazarının bir problemi olaraq qalır".


Lalə Novruz, BakuPost
Seçilən
19
bakupost.az

1Mənbələr