Suriyada baş verənlərə siyasi şərhçi Kamran Sultanlı və Pərviz Əliyevin baxışları.
Kamran Sultanlı:
Suriyada Bəşər Əsədin 24 illik və BAAS partiyasının 70 ilə yaxın dövrü bitdi. Əslində Bəşər Əsədin devrilməsi yalnız Suriyada deyil ümumiyyətlə Yaxın Şərq və Ərəb dünyasında BAAS dövrünün bitməsi deməkdir. Ərəb milliyətçiliyi ilə sosializmin sintezi olan BAAS siyasi modeli əsasən iki ölkədə hakim idi. Bunlar İraq və Suriya idi. Lakin hər iki ölkədə problemlər var idi. Belə ki, Suriyada əhalinin çoxluğu sünni, İraqda isə şiə idi. Buna baxmayaraq İraqda uzun illər ölkəni sünni azlıq, Suriyada isə şiə(nusreyi-ələvi) azlıq idarə edirdi. Təbii ki, Səddam dövründə ərəb-iraq milliyətçiliyi istər istəməz ölkə daxilində monolitliyi qoruyurdu. Suriyada isə Hafiz Əsəd sünni çoxluqla koalisiya qurmağın vacibliyini anlayırdı və beləcə bu koalisiyanı qurmaqla uzun illər nusrayi azlıq hakimiyyəti qorudu. Lakin son 24 ildə bu açıq aşkar güc yolu ilə həyata keçdi. BAAS siyasi modeli həmdə SSRİ/Rusiya və İranın əsas müttəfiqləri idi. Çünki BAAS özü də soyuq müharibə mirasdır və SSRİ sosialist-kommunist, həm də şiə-nusreyi idi ki, bu da Əsəd ailəsini Tehran və Moskvaya yaxınlaşdı. Eyni zamanda Rusiya hələ Moskva knyazlığı dövründən isti dənizlərə çıxmaq üçün alışıb yanır. Hətta İspaniyada vətəndaş müharibəsində İngiltərə Sovetlərin Aralıq dənizinə çıxışı qazanmaması üçün diktator Frankoya belə dəstək olmuşdur. SSRİ-də o dövr respublikaçılara dəstək idi. Bu baxımdan Şərqi Aralıqa çıxış imkanı verən Suriya Rusiya üçün vacib element idi. İran da şiə hilalı və Sasani-Əhəməni, Səfəvilər dövründən İrana hakimlik edənlərin əsas amalı olan Aralıq dənizinə çıxmağa çalışırdı. Bu həm də Tehran rejimi üçün İsraillə birbaşa sərhəd olmaq, Şərqi Aralıqa çıxış əldə etmək, proksi gücləri ilə birbaşa öz sərhədi arasında bufer zona yaratmağa çalışırdı.
İran bunu mərhələ-mərhələ həyata keçirə bilmişdi. İraqda Səddamın devrilməsindən sonra ölkəni ələ keçirən İran həmdə Nəcəf şiə məktəbi üzərində nüfuzunu artırmağa çalışırdı. Eyni zamanda Suriyada Əsədin hakimiyyətdə qalması ilə İran Livanda Hizbullahla daimi əlaqə yaradırdı. Aralığa çıxmaq İran üçün həm fars etnosentrizmi, həm rejimin özünü müdafiəsi həm də min illərə dayanan dövlət siyasəti üçün vacib idi. Lakin Əsədin devrilməsi və BAAS modelinin çökməsi Rusiya və İranın bütün bölgə siyasətinin fiaskoya uğramasına səbəb olur. Belə olan zaman isə Rusiya İran artıq bölgə siyasətinə yenidən baxmalıdır. Şübhəsiz ki, Rusiya Sovetlər dağıldıqdan sonra artıq Yaxın Şərqə ideoloji yox praqmatik baxışlara malikdir, lakin İranın bölgəyə baxışı idealist olduğu üçün onun üçün bu daha böyük itkidir. Xüsusilə Suriyanın itirilməsi Tehranın şiə hilalı lahiyəsinə zərbə endirir, onu birbaşa olaraq Hizbullahdan ayırır. Bu isə Hizbullahın əsas logistik dəstəyinin kəsilməsi deməkdir. Digər tərəfdən İranın İsrail sərhədlərində demokl qılıncı kimi qalması siyasəti iflasa uğrayır, İranın əlinin qolunun kəsilməsi həm də onu rəqibləri ilə birbaşa üz-üzə qoya bilər. Hesab edirəm ki, Pezeşkian timsalında yeni düşüncə tərzinin hakimiyyətə gəlməsi əbəs deyildi. Bundan sonra mühafizəkarların siyasəti İrana daha çox ziyan vura bilər, bu baxımdan İran nüvə silahı əldə etməklə təhlükəsizliyini təmin etmək, bölgə və dünya ölkələri ilə daha praqmatik münasibətlər izləməyə çalışa bilər.
Onu da qeyd edək ki, İran islahatçı dairələri baş verənlərdən daxildə daha çox istifadə etməyə və ali dini rəhbəri inandırmağa çalışacaqlar. İran üçün digər bir məsələ Suriyada kürd dövləti ideyasının həyata keçməsidir. Bu Türkiyə üçün də təhdid olduğundan Tehran Suriyada bu ideyanın həyata keçməməsi üçün Türkiyə ilə əməkdaşlıq edə bilər. Rusiyaya gəldikdə onun üçün minimal vəzifə Şərqi Aralıqda bazaları qorumaq olacaq. Ola bilər ki, Rusiya rəhbərliyi Türkiyə, İsrail Səudiyyə Ərəbistanı və digər regional güclərlə əməkdaşlıq edərək bazaları saxlamağa cəhd edə bilər. Çünki bu bazalar yalnız Suriya üçün yox həmdə Afrikada güc proyeksiyası baxımından Rusiya üçün vacibdir. Suriyadan çıxarsa əgər Rusiya bu zaman o alternativ olaraq ya gəmiləri Qara dənizə gətirməlidir, lakin bu Montro anlaşmasına əsasən mümkün olmayacaq. Ya uzaq məsafə qət edib Baltikə gəlməlidir. Növbəti ssenari Liviyada və ya Sudanda Port Sudanda yerləşməkdir. Lakin hər iki dövlətin parçalanması müxtəlif problemlərə yol aça bilər. Rusiya alternativ olaraq buna qədər Liviyanın Əl-Cufra şəhərində aviabaza və Müəmmar Qəddafinin vətəni Sirtdə bir dəniz bazası inşa etmək istəyirdi. Buna baxmayaraq bu bazaların hava əlaqəsində logistik uzaqlığı müəyyən problemlər yarada bilər. Suriyada baş verənlər Trumpın Suriyadan çıxma planlarına ciddi təsir göstərə bilər. Çünki İsrailin davamlı təhlükəsizliyini təmin etmədən ABŞ Suriyanı tərk edə bilməz. Həmdə kürd dövləti məsələsi də ABŞ elitasında xüsusi əhəmiyyət kəsb edir. Şiə hilalı çöksə belə uzun vədədə İsrail üçün daha bir problem yarada biləcək Türkiyə-Suriya-Həmas xəttində İxvanın tamamlanmasıdır. Əgər bundan cəsarətlənib ixvanın vətəni Misirdə də Sisi devrilərsə o zaman şübhəsiz ki, bu Israil üçün növbəti Mürsi şoku ola bilər. Buna görə də bu gün İsrail Suriyada 1974-cü ildən mövcud olan bufer zonanı ələ keçirib və içlərə doğru irəliləyir. Eyni zamanda İsrail kürd dövləti ilə daimi dəhliz formalaşdırmaq, Qolandan Əl-Tanfa qədər Davud dəhlizinin tamamlamağa çalışacaq. Burada digər vacib məqam isə Amerika elitasının kürd mövzusunda Trumpa artan təzyiqləri və onu Türkiyəyə qarşı sərt olmağa vadar etməkdir. Suriya vahid radar sisteminin aradan qalxması, Rusiyanın hava çətirinin yox olması, Hizbullahın Suriyadan çıxarılması və İranın Aralığa gedən yolunun bağlanması yəhudi dövləti üçün tarixi məqamlardır. İsrail Suriyada kürd dövlətinin qurulmasına maraqlıdır. Çünki bu amil Suriya, İraqda daimi təhdid rıçağı yaradır.
Növbəti hədəf İran və Türkiyə ola bilər. Lakin ona qədər Suriyada hələ çox məsələlər həll olunmalıdır. Eyni zamanda Rusiya və İranın Əsədi qoruya bilməməsi digər proksi dairələrdə Moskva və Tehrana yeni suallar yarada bilər. Şübhəsiz ki, Rusiyanın hərbi mövcudluğu və İranın hərbi mövcudluğu Çin üçün vacib siyasi təsir imkanı idi. Bu baxımdan Yaxın Şərqdə Pekinlə paralel hərəkət edən bu iki oyunçunun zəiflədilməsi Çin üçün də yeni problemlər yarada bilər. Lakin digər tərəfdən ABŞ-ın Suriyada qalması onun Asiya-Sakit okeana fokuslanmasını yubada bilər. Trumpın Ukrayna cəbhəsini dondurmaq istəməsinin bir digər səbəbi də budur. Suriyada yaşananlar həmdə Kremli inandıra bilər ki, bu qədər cəbhədə qalmaq və Ukraynada ilişmək Rusiyanın digər cəbhələrə fokuslanmasına mane olur. Buna görə də Moskva nə olursa olsun Ukraynanı az ziyanla və ən azı maraqlarının bir qisminin təmin edilməsi ilə həll etməyə çalışa bilər. Çünki Rusiya üçün hazırda bir nömrəli prioritet Ukraynadır. Suriyada sünni çoxluq hakimiyyəti ələ aldı. Bu Türkiyə üçün həm müsbət həm də riskləri də olan prosesdir. Əsədin devrilməsi, İranın zəiflədilməsi Türkiyə, İsrail və ABŞ üçbucağında ortaq hədəf və maraq idi. Lakin Kürd mövzusunda Vaşinqton, Ankara və Tel-əviv arasında fikir ayrılıqları var. Lakin Türkiyə rəhbərliyi İraqda da kürd dövləti ideyasına ilk öncə qatı qarşı idi, sonra isə bu mövzunu qəbullanması bu ehtimalı yenə də aktual saxlayır. Amma İraq Kürdistanında olan kürd aşirətlər Türkiyəyə Suriyadan yaxın idi. Buna baxmayaraq Türkiyənin keçmişdə Suriya kürdləri də əlaqə ilə təcrübəsi var. Hətta bu gün terror təşkilatı olaraq tanıdığı YPG ilə belə. Suriyada baş verənlər regionda yeni reallıq olmaqla yanaşı riskləri də artırır. Ərəb coğrafiyasında buna qədər baş verənlər sübut edir ki, Yaxın Şərqin düzəlməsi ilə bağlı ümidlərdə optimizmə az yer verir.
Pərviz Əliyev:
Suriyada 54 illik Əsəd dövrü Bəşər Əsədin ölkədən qaçması ilə başa çatıb. Suriyada Əsədi devirmək üçün hərəkat 2011-ci ildə başladı və ölkədə başlayan vətəndaş müharibəsi bəziləri Əsədi dəstəkləyən, bəziləri isə yeni administrasiya qurmaq istəyən xarici aktorların vəkil qüvvələr vasitəsilə apardığı mübarizəyə çevrildi. Təbii ki, Əsəddən sonra Suriyada sabitlik gözləmək, kənardan müdaxilələrin çox olduğunu nəzərə alsaq, xəyaldan başqa bir şey deyil. Çünki Suriya ilə bu və ya digər şəkildə əlaqəsi olan bütün ölkələrin “terrorçu” siyahıları bir-birinə uyğun gəlmir. 2011-ci ildə başlayan vətəndaş müharibəsi səbəbindən Əsəd rejimi artıq Suriya ərazisinin böyük hissəsinə nəzarəti itirmişdi. Paytaxt Dəməşq də daxil olmaqla, nəzarətindəki son şəhərlər İdlibdə yuva quran HTŞ-nin ildırım əməliyyatı ilə məhv edilib. Cihadçı qrupların toplanması ilə yaradılan HTŞ-nin lideri Colani əməliyyatdan aylar əvvəl çıxdığı İŞİD və Əl-Qaidə terror təşkilatları ilə əlaqələri kəsmək və ya ən azından bu təəssürat yaratmaq üçün işə başlamışdı. Daha əvvəl xalat və cübbə geyinən Colani əvvəlcə İdlibdə, sonra isə HTŞ-nin ələ keçirdiyi şəhərlərdə qərb üslublu geyimdə xalq qarşısına çıxıb.
Colanın "mötədil islamçı" imici təkcə onun geyimi ilə məhdudlaşmırdı. HTŞ lideri Əsəd rejimindən alınan ilk şəhər olan Hələbdə qeyri-müsəlmanların müdafiə olunacağına söz verib. O, Əsəd administrasiyasını devirdiyi gün İrana söz vermişdi ki, Suriyadakı şiə əhalisini və şiələr üçün dini əhəmiyyət kəsb edən əraziləri qoruyacaq. Bununla belə, HTŞ-də hələ də BMT Təhlükəsizlik Şurasının qərarı ilə terror təşkilatı möhürü var. Türkiyə də bunu rəsmi olaraq qəbul edir. Ona görə də Colani-nin əvvəl etdiklərini bir daha edəcəyini və HTS-in adını dəyişəcəyini proqnozlaşdırmaq çətin deyil. Ad dəyişikliyi “terrorçu” etiketini tamamilə aradan qaldıracaq və Colani və yeni adlandırılan HTŞ-yə beynəlxalq legitimlik verəcəkmi..? Bunda Colaninin həm Rusiya, həm də ABŞ ilə apardığı danışıqlar effektiv görünür. Moskvanın Colanidən gözləntisi Rusiyaya Suriyada iki hərbi baza verən Əsədin imzaladığı müqavilələrin yeni dövrdə də davam edəcəyidir. ABŞ başda olmaqla Qərb cəbhəsinin indi Dəməşqin “yeni sahibi” olan Colani vasitəsilə Rusiyanı Suriyadan və Şərqi Aralıq dənizindən çıxarmağa çalışacağını gözləmək yanlış olmaz.
Üstəlik, HTŞ-nin ümumi məqsədi Əsəd rejimini devirmək olan “parçalanmış bir quruluş” olduğu da unudulmamalıdır. Artıq ümumi məqsədə nail olunduğundan HTŞ daxilində “hakimiyyət mübarizəsi”ni gözləmək olar. Aydındır ki, bu hakimiyyət mübarizəsinin arxasında həm Moskva, həm də Qərb paytaxtları olacaq. Təbii ki, HTŞ-nin Əfqanıstanda Talibanın izi ilə getməsi ehtimalı da var. Taliban ABŞ-ın Əfqanıstandan çıxarılması zamanı Qətər vasitəsilə aparılan danışıqlarda da “mötədil islamçı” obrazını canlandırıb və xüsusilə qadın hüquqları ilə bağlı Qərbə çoxlu vədlər vermişdi. Bu vədlərin heç biri yerinə yetirilmədi. Əfqan qadınlarına indi öz evlərində qapalı, təhsilsiz və ikinci dərəcəli vətəndaş kimi rəftar edirlər. HTŞ-nin Suriyada da oxşar struktur qurması mümkündür. Bunun sübutu təbii ki, onların İdlibdə etdikləridir. Türkiyənin bilavasitə cənubunda İŞİD-dən fərqli adda, amma tamamilə fərqli bir praktikada, geniş bir coğrafiyaya nəzarət edən bir strukturun formalaşma ehtimalı böyükdür. Əsədin devrilməsi ilə bağlı Türkiyənin iqtidaryönlü mətbuatında və ya sosial media hesablarında göstərilən həyəcana baxmayaraq, AK Partiya hökumətinin atdığı addım da kifayət qədər əhəmiyyətlidir. Prezident Ərdoğanın imzası ilə iki gün əvvəl dərc edilən qərarla HTŞ liderlərindən Əbu Mariya Qəhtaninin mal varlıqları dondurulub. Qəhtani 2024-cü il aprelin 5-də Suriyada bombalı hücumda həlak olub. Maraqlıdır ki, aktivlərin dondurulması barədə qərar HTS-in Dəməşqə daxil olduğu vaxt verilib.
Suriyadakı vətəndaş müharibəsində Fəratın şərqinə nəzarət edən PYD-YPG-nin vəziyyəti HTŞ-yə bənzəyir. Türkiyə PYD-YPG-ni PKK terror təşkilatının uzantısı kimi görür və onu rəsmi olaraq “terror təşkilatı” olaraq təyin edir. ABŞ, Qərb, hətta Rusiya Suriyada yerləşən İŞİD terror təşkilatının ünsürləri ilə mübarizədə PYD-YPG-ni “müttəfiq” kimi görür. Burada sual işarəsi MHP lideri Baxçalının “Öcalan təşəbbüsü” ilə PYD-YPG üzərində təsirin yaradılmasının mümkün olub-olmamasıdır. Hər bir terror təşkilatı kimi PKK-nın da çoxlu “sahibi” var. Ona görə də Ankaranın oyun planının işə yarayacağı bəlli deyil. Suriyanın şimalında da fəaliyyət göstərən və Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusu (keçmiş Azad Suriya Ordusu) həm İran, həm də Rusiya tərəfindən “terror təşkilatı” olaraq görülür. Əslində, HTŞ Hələb və Həmanı alaraq Dəməşqə doğru irəlilədiyi bir vaxtda Rusiya təyyarələrinin HTŞ yaraqlılarını deyil, şimalda Əl Babda Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunu bombalaması diqqət çəkir. Bir sözlə, Əsəd getdi, amma Suriyada xaos bitməyib. Hətta daha da dərinləşdi. Suriya İraqda Səddam Hüseynin, Liviyada isə Qəddafinin devrilməsindən sonra baş verənlərə oxşar vəziyyəti yaşayır. Səddamın devrilməsindən 21, Qəddafinin devrilməsindən 13 il keçir. Hər iki ölkədə hələ də nə siyasi sabitlik, nə iqtisadi rifah, nə də həyat təhlükəsizliyi var.
visiontv.az