Rusiyanın köklü marağı Cənubi Qafqazda sabitliklə əlaqəlidir, çünki biz regiona çox yaxınıq.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vyaçeslav Sutırin deyib.
Ekspert əlavə edib ki, Rusiya Cənubi Qafqazda gedən proseslərdə fəal iştirak edir və coğrafi durumuna görə bu regiondan kənarda qala bilməz.
Onun sözlərinə görə, Rusiyanın diqqətini Ukrayna münaqişəsi istiqamətinə yönəltməsi Qafqaza xarici müdaxilənin genişlənməsi üçün imkanlar yaradır.
Sutırin bunu onunla izah edib ki, Qərb Moskvada ciddi qəbul edilən Rusiya-Ermənistan ziddiyyətlərindən sui-istifadə etməyə çalışır:
“Bu ziddiyyətlər, əsasən, obyektiv xarakter daşıyır, bunları təkcə bugünkü siyasi maraqlar və ambisiyalar diktə etmir, həm də daha dərin əsaslara malikdir. Bu gün bütün region yenidən formatlaşdırılır və burada əsas sual Rusiya ilə Ermənistanın mövqelərini uyğunlaşdırmağa çalışıb-çalışmayacağı ilə bağlıdır”.
Ekspert vurğulayıb ki, Ermənistan-Rusiya münasibətlərində müxtəlif trayektoriyalar var:
“İlk növbədə, Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə, əsasən, humanitar müstəvidə təmaslar zəifləyir. Buna paralel olaraq, Ermənistanın Rusiya ilə proksi müharibə aparan Qərb dövlətləri ilə əlaqələri güclənir. Bu, gərginlik və ziddiyyət yaradır.
Digər yandan, iqtisadi qarşılıqlı fəaliyyətdə demək olar ki, partlayıcı artımın şahidi oluruq. 2020-ci ildən Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 7 dəfə artaraq, bu ilin sonunda 14-16 milyard dollara çatıb”.
Sutırin əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiya hələ də Ermənistana müttəfiqi kimi baxır:
“Bunun fonunda Qərb Ermənistana əvvəllər Ukraynaya təklif edilən sxemi təklif edir”.