AZ

Yeni il ərəfəsi pirotexniki vasitələrin "axın"ı yenə ARTIR – DİN-dən XƏBƏRDARLIQ

Bildiyimiz kimi, hər il müvafiq qurumlar tərəfindən pirotexniki,  partlayıcı vasitələrin qanunsuz şəkildə  satılmasının qarşısının alınması istiqamətində xəbərdarlıqlar edilir, tədbirlər həyata keçirilir.

Ancaq xüsusilə yeni il ərəfəsində satışı daha da çoxalan bu məmulatları hələ də qanunsuz şəkildə ölkəyə gətirməyə, satmağa çalışanlar var.

Belə ki, dekabrın 7-də Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alındı.

Yeni il qabağı ölkəyə pirotexnki vasitələr gətirən və satanlar var. Bəs, onların qarşısı necə alınacaq?

Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib:

“Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə, onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək”.

Bəhs edilən məhsulların satışını həyata keçirənləri hansı cəzalar gözləyir?

Din rəsmisinin sözlərinə görə qeyd olunan məhsulları satanlar İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunurlar:

“İnzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir”,- deyə Nurlan  Əliyev açıqlayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
52
2
bizim.media

3Mənbələr