Dekabrın 11-də Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri rəhbərləri arasında telefon danışığı olub.
Ceyhun Bayramov və Hakan Fidan "regionda münaqişədən sonrakı vəziyyəti, Suriyada vəziyyəti və digər regional məsələləri" müzakirə ediblər, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycan Suriyanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaqla hazırkı böhrandan tezliklə çıxacağına ümidvar olduğunu bildirib. Həmsöhbətlər ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər, məlumatda deyilir.
Qeyd edək ki, son günlər prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidan Ermənistan-Azərbaycan sülh sazişinin yaxın olduğunu bəyan ediblər.
Bundan əlavə, ötən gün Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə nümayəndələrinin görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması və sərhədin açılması məsələləri müzakirə olunub.
Bu fonda Bakıda Yerevanın hərəkətlərilə bağlı nikbinlik ifadə etmirlər, Ermənistanı sülh bağlamağı istəməməkdə ittiham edirlər.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Ankara Bakını tezliklə Yerevanla barışmağa sövq etməyə çalışır.