Həyatını, işlərini astrologiya ilə idarə edən insanlar növbəti ili səbrsizliklə gözləyir. Çünki onlar yeni ilin yeni uğurlar gətirəcəklərinə inanırlar. Məlumdur ki, 2025-ci il Yaşıl ilan ilidir.
Bu il kimlərə uğur, kimlərə uğursuzluq gətirəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan astroloq Nərmin Zeynalova bildirdi ki, İlan ili Çin təqvimi ilə bağlıdır və o Qərb təqvimindən fərqlidir.
"İlan ili deyərkən biz Çin təqvimini nəzərdə tuturuq. Çin təqvimi 12 heyvan üzərində qurulub və onlarda tək il deyil, həm də ay, gün, saat bu heyvanların adıyla bağlıdır. Məsələn, Qərb astrologiyası ilə doğum kartı tərtib edəndə biz ulduz, planet, bürclərə diqqət yetiririk. Çinlilərdə isə planet yoxdur. Onlar ümumiyyətlə göyə baxmırlar və onların astrologiyası isə bu 12 heyvan üzərində qurulub. İlan ili biz düşündüyümüz kimi 31 dekabrdan 1 yanvara keçən gecə başlamır. Bu il fevralın dördü qüvvəyə minəcək və 2026-cı ilin fevralına qədər davam edəcək. Təqvimlər fərqli olduğuna görə, Çin ilinin bürclərə təsiri barədə danışmaq düzgün deyil. Bunu bürclərə görə yox illərə görə qərar vermək olar".
Astroloq qeyd etdi ki, İlan ili Donuz və Pələng ilində doğulan insanlar üçün problemlər yarada bilər:
"İlan ilində Donuz və Pələng ilində anadan olan insanlar xüsusilə ehtiyatlı olmalıdır. Burada 2025-ci ilin fevralın 4-dən 2026-cı ilin fevralına kimi olan müddətdən söhbət gedir. Bu illərdə doğulan insanların həyatında problemlər həmişəkindən bir az çox ola bilər. Həyatlarında gözlənilməz dəyişikliklər baş verə bilər. Əgər bu dəyişikliklərin baş verməyini istəmirsinizsə, özünüz dəyişikliklər planlaşdırın və dəyişiklik nə qədər çox olsa, bir o qədər yaxşıdır. Donuz və Pələng ilindən olan insanlara yeni layihələrə başlamağı məsləhət görməzdim. Amma ev dəyişmək, xanımların saçını fərqli rəngə boyaması, evdə mebelin yerini dəyişmək neqativ halların qarşısını ala bilər. Çünki çinlilərdə dəyişiklik və problem enerjisi eynidir. Xoruz və Öküz ilində anadan olan insanlar üçün onlar üçün bu il daha uğurlu olacaq. Çünki ilan bu heyvanlar ilə dostdur və buna görə də onlar üçün müsbət hadisələr baş verəcək".
Türkan İSGƏNDƏRLİ