Mütəaliənin uşaqların təlim-tərbiyəsində rolu əvəzsizdir. Hörmət, mərhəmət, xeyirxahlıq, ədalət, ləyaqət, mərdlik və s. kimi insani dəyərlərin təbliğatçısı məhz kitablardır. İgidliyi, qəhrəmanlığı, vətənpərvərliyi təbliğ edən əsərləri oxuyan uşaq məhz bu ruhda böyüyür. Daim mütaliə edən insanın dünyagörüşü zəngin, söz ehtiyatı çox, dünyaya baxışı fərqli olur. Buna görə də kitab oxuyanların sayını artırmaq üçün mütləq şəkildə həm məktəbdə, həm də ailədə mütaliənin üstünlüyü, vacibliyi təbliğ edilməlidir.
Mütəxəssislər hesab edir ki, mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyətini gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrak fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütalyənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır. Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.
Təəssüf ki, son zamanlar ölkədə uşaq və gənclərdə mütaliəyə meyl azalmaqdadır. Bu günün uşaqları mütəaliə yerinə telefona və kompyuterdə videoyunlar oynamağı, sosial şəbəkələri izləməyi üstün tuturlar.
Müəllim Aybəniz Səlimova Bakupost.az -a deyib ki, ümumtəhsil məktəbləri şagirdlərinin oxumaq vərdişlərinin təkmilləşdirilməsinə və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına çox böyük ehtiyac var. Çünki bu gün şagirdlərin kitaba, bədii əsərlərə marağı çox zəifdir:
“Mən bu gün bir müəllim olaraq şagirdlərə mütəaliəni təbliğ edirəm. Onlara oxumalı olduqları kitabların, bədii əsərlərin adını da deyirəm. Hətta kitablar da gətirib verirəm şagirdlərə ki, təki oxusunlar. Amma baxıram ki, maraq göstərənlər azdır. Cəmi bir-iki nəfər. Onların da hamısı qızlardır. Şagirdlərin, xüsusən də yuxarı siniflərdə təhsil alanlarжт çoxu deyir ki, kitab oxumağa vaxtımız çatmır. Hazırlıqlar, gündəlik dərslər imkan vermir ki, mütəaliə edək. Hesab edirəm ki, bunlar sadəcə bəhanədir. Kitab oxumaq istəyən hər zaman vaxt tapıb oxuyar”.
10-cu sinif şagirdi Ləman Həsənlinin dediyinə görə, yuxarı sinif şagirdlərinin çoxu ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Bu səbəbdən də mütaliə ilə məşğul olmurlar: "Mən aşağı sinifdə oxuyanda çox mütaliə edirdim. Demək olar ki, aya 2-3 kitab oxuyurdum. Amma indi ali məktəbə qəbul imtahanına hazırlaşdığım üçün kitab oxumağa vaxtım çox az olur. Amma buna baxmayaraq çalışıram ki, bacardığım qədər mütaliəyə vaxt ayırım”.
11-ci sinif şagirdi Kənan Qardaşov deyir ki, əvəllər, yəni 4-5 ci siniflərdə oxuyanda kitab oxumağı çox sevib. Ancaq indi kitab oxumağa nə marağı varş nə də həvəsi: “İndi film izləməyə üstünlük verirəm. Kitab oxumaq məni yorur. Mənim sinif yoldaşlarımın əksəriyyəti, xüsusən də oğlanlar mən fikirdədirlər. İndi şagirdlər arasında kitab oxuyanlara çox az-az rast gəlinir”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir. Uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai, sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz ağıl və bilikləri, karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər:
“Kitablar və onların mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir. Tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və onlarla anlaşa bilirlər. Hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar. Kitabsevər, mütaliəçi insanlar boş vaxtlarını oxumağa sərf edir. İmkan tapan kimi kitab oxuyur. Bu səbəbdən də belə insanların zərərli vərdişləri də olmur”.
Ş.Əsgərov qeyd edib ki, mütaliə məsələsində digər amillərlə yanaşı, düzgün kitab seçimi də xüsusi önəm daşıyır:
"Mağazalardan kitab alarkən, həmçinin elektron kitab mütaliəsi zamanı da göstərilənlərə diqqət edilməsi vacibdir. Uşaq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun gələcək həyatında böyük rol oynayır. Uşaqlıqda oxunan bir kitab bütün ömrü boyu insanın hafizəsində qalır və onun fərd kimi sonrakı inkişafına da təsir göstərir. Bu səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir”.
Ş.Əsgərovun sözlərinə görə, seçilən kitablar mütləq ağıl və məntiqin süzgəcindən keçirilməlidir:
"Uşaqlara özlərinin yaş və biliklərinə, psixologiyalarına, sosial inkişafına və maraqlarına uyğun, əxlaqi, milli – mənəvi və bəşəri dəyərlər aşılayan, zehnini, xəyal gücünü və yaradıcılığını inkişaf etdirən kitabları tövsiyə etmək lazımdır. Bilmək lazımdır ki, səhv seçilən kitablar uşaqlarımızı başqa kitablardan da soyuda bilər. Ona görə tövsiyə siyahılarına əxlaqi keyfiyyətlər, milli və bəşəri dəyərlər aşılayan əsərlərin daxil edilməsi uşaqların şəxsiyyət kimi formalaşdırılması baxımından çox önəmlidir və bu məsələlər həmişə diqqət mərkəzində saxlanılmalıdır".
Psixoloq Vəfa Əkbər hesab ki, uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir. Çünki bu, beyinin inkişafı üçün çox vacibdir:
“Oxumaq yaşından və maraqlarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək çox vacibdir. Hər hansı bir əzələ kimi, beyin də sağlam və güclü qalması üçün məşq etdirilməlidir. Oxumağı beyin üçün ağırlıq qaldırma kimi düşünün. Əslində tez-tez beyin məşqi etmək yaşlıların zehni geriliyini 32 faiz azaldır. Kitab oxumaqla hafizəni inkişaf etdirə və daha güclü analitik bacarıqlar əldə edə bilərlər. Hər yaxşı kitab oxucu üçün yeni düşüncələr açır. Kitab oxuyarkən hansısa formada kitabdakı hadisələri, duyğuları, təcrübələri və personajları oxucu özü ilə əlaqələndirməyə çalışır. Bu nəinki kitaba qarışmağınızı təmin edir, həm də həyatınızda hələ baş verməmiş vəziyyətləri necə hiss edəcəyinizi və onlara necə reaksiya verəcəyinizi də dərk etdirir. Bəyənmə və bəyənməməyin ölçülərini genişləndirməyə kömək edir”.
Psixoloq qeyd edib ki, stress həyatın qaçılmaz bir hissəsidir və təəssüf ki, həddindən artıq olması ömrümüzü qısalda bilər. Oxumaq bununla mübarizə aparmağa kömək edir:
“Tədqiqatçılar mütaliənin stresi təxminən 68 faiz azalda biləcəyini müəyyən ediblər. Oxumaq psixi sağlamlığı da gücləndirir. Mənəvi əhəmiyyətli mətnlər qan təzyiqini aşağı salır, özünüinkişafla bağlı kitablar əhval-ruhiyyə pozuntusu olan şəxslərə kömək edir. Ümumiyyətlə, oxumaq sakitləşdirici bir mexanizmdir və oxucuda rahatlıq və əmin-amanlıq hissi yaradır”.
Təhsil eksperti Elşən Qafarovun dediyinə görə, bu gün şagirdlərin işi təkcə məktəb tapşırıqlarının yerinə yetirilməsi ilə bitmir:
“Müasir texnologiya vasitələri, internet insanları məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir vasitə kitab qədər insanın mənəviyyatını zənginləşdirə bilməz. Ən dərin bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır. Buna görə də şagirdlərin daim mütaliə etməsi, dərin məzmunlu bədii əsərlər oxuması vacibdir. Şagirdləri faydalı ədəbiyyatları oxumağa həvəsləndirmək lazımdır. Bu sadə məsələ deyil, bunun üçün müəllim axtarışda olmalı, faydalı biliklərin yerini bilməli və şagirdləri ilə paylaşmalıdır”.
Sevinc,
BakuPost