AZ

Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir keçirildi

10 dekabr Ümumdünya İnsan Hüquqları Günü münasibətilə İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın mina probleminə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir , tədbir AR İspaniya Krallığındakı Səfirliyinin dəstəyi və müharibə və silahlı münaqişələr üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin təşəbbüsü ilə təşkil olunub.

Tədbir zamanı cənab Sançezin səfər çərçivəsində keçirdiyi görüşlər, ələlxüsus da Qarabağ və Şərqi Zəngəzur rayonlarına səfərləri zamanı 30-a yaxın mina qurbanı ilə fərdi söhbətləri əsasında topladığı materiallar və foto-şəkillərin “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” foto-jurnal vasitəsilə təqdimatı baş tutub.

Foto-jurnalda müəllifin ölkəmizə səfəri çərçivəsində lentə aldığı 70-dən çox fotoşəkil - ümumi mənzərə, işğaldan azad olunmuş ərazilərdəki dağıntılar və Azərbaycanın apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də I və II Qarabağ müharibələrindən sonra mina partlaması nəticəsində xəsarət almış mina qurbanlarının portretləri və şəxsi hekayələri yer alıb.

Azərbaycanın ilk qadın minatəmizləmə qruplarının fəaliyyətləri və onların yüksək peşəkarlıqla minatəmizləmə əməliyyatlarına cəlb olunmaları cənab Sançezin fotoları vasitəsilə ispan cəmiyyətinə təqdim olunmuşdur.

Tədbirdə rəsmi çıxışçılar arasında İspaniya Parlamentinin yuxarı palatası, İspaniya Xarici İşlər, Avropa İttifaqı və İspaniya Əməkdaşlıq Nazirliyi nəzdindəki Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyi (AECID) Direktorunun Texniki Ofisinin koordinatoru Pablo Qan Kesada iştirak edib.

AR Milli Məclisinin deputatı, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Nəriman Qasımov və Ramon Llull Universitetinin Beynəlxalq Əlaqələr professoru Xordi Çukla isə qonaq çıxışçılar qismində iştirakçılara ölkəmizdəki mina problemi haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Qervasio Sançez Azərbaycanda mina qurbanlarına dair məlumat toplamaq və mina problemini işıqlandırmaq məqsədilə cari ilin 25 aprel – 12 may tarixlərində ölkəmizdə səfərdə olub.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
37
teleqraf.com

1Mənbələr