AZ

Beynəlxalq təşkilatlardan Meydan TV əməkdaşları ilə bağlı çağırış

"Əliyev rejimi COP29-un parıltısından istifadə edib bir ay sonra jurnalistlərə qarşı amansız repressiyalarını bərpa etdi”

Beynəlxalq Mətbuat İnstitutu (IPI) və "Sərhədsiz Reportyorlar Təşkilatı” (RSF) Meydan TV-nin həbsdə olan jurnalistləri ilə bağlı çağırış edib.

Beynəlxalq Mətbuat İnstitutunun bəyanatında deyilir ki, həbslər Azərbaycanda müstəqil media və fəallara qarşı davam edən repressiyalar fonunda Bakıda keçirilən COP29 iqlim konfransının yekunlaşmasından bir neçə həftə sonraya təsadüf edir.

"Meydan TV-nin bir neçə jurnalistini həbs etməklə Azərbaycan hakimiyyəti ölkədəki bütün tənqidi səsləri susdurmaq istəklərini bir daha nümayiş etdirdi”, – Beynəlxalq Mətbuat İnstitutunun müvəqqəti icraçı direktoru Scott Griffen bildirib.

O qeyd edib ki, Beynəlxalq Mətbuat İnstitutunun monitorinqinə əsasən, son bir il ərzində Azərbaycanda 20-yə yaxın jurnalist həbs edilib. Onların bir çoxu "xarici valyutanın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi” kimi ittihamlarla hədəfə alınıb.

"Hakimiyyət açıq şəkildə siyasi motivli olan bu ittihamları dəstəkləmək üçün heç bir inandırıcı dəlil təqdim etməyib. Biz hakimiyyət orqanlarını həbs olunan bütün jurnalistləri dərhal azad etməyə çağırırıq”, – Beynəlxalq Mətbuat İnstitutunun müvəqqəti icraçı direktoru əlavə edib.

"Sərhədsiz Reportyorlar Təşkilatı” (RSF) bu əsassız həbsləri pisləyib və jurnalistlərin dərhal azad edilməsinə çağırıb.

"İlham Əliyev rejiminin beynəlxalq imicini cilalamaq üçün COP29-un parıltısından istifadə etməsindən cəmi bir ay sonra o, jurnalistlərə qarşı amansız repressiyalarını bərpa etdi. Meydan TV-nin 6 jurnalistinin həbsi, rejimin Azərbaycan vətəndaşlarına məlumat verməyə cəsarət edən şəxsləri həyasızcasına təqib etməyə hazır olduğunu bir daha sübut edir. RSF onların dərhal azadlığa buraxılmasını, habelə haqsız həbs edilmiş daha 13 jurnalistin azad edilməsini tələb edir və beynəlxalq ictimaiyyəti bu ciddi cinayətlərə göz yummamağa çağırır”, – RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Janna Kavalye deyib.

"Meydan TV işi”

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.

Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.

2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist "qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.

Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə "Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində "Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkə hesabları bir neçə dəfə kiberhücuma məruz qalıb.
Seçilən
28
arqument.az

1Mənbələr