AZ

Vətəndaşlar elektron imza və etibarnamələri üçüncü şəxslərə həvalə edərkən nələri bilməlidirlər?


 Son illər vətəndaşların aldadılması və adlarından elektron imza və etibarnamə alınması yolu ilə hüquqi şəxslər təsis edilməsi hallarının sayı artıb. Təhlillər göstərir ki, bir çox hallarda vətəndaşların adlarına hüquqi şəxslərin təsis edilməsi onların razılığı və ya məlumatı olmadan baş verir. Bu isə öz növbəsində qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə və vergi borclarının yaranmasına səbəb olur. 

Elektron imza vətəndaşların rəqəmsal mühitdə fəaliyyət göstərərkən kimliklərini təsdiq edən və qanuni əhəmiyyət kəsb edən bir vasitədir. Ölkəmizdə Asan İmza (mobil imza) və gücləndirilmiş elektron imza kimi rəqəmsal imzalar geniş şəkildə istifadə olunur. Bu imzalar dövlət xidmətlərinə daxil olmaq, müxtəlif sənədləri təsdiq etmək və biznes əməliyyatlarını həyata keçirmək üçün vacibdir. Lakin, təəssüflər olsun ki, vətəndaşların bu imzalarından sui-istifadə etməklə dələduzluq halları artıb. 

Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bəzi hallarda vətəndaşlar aldadılmaqla onların elektron imzalarından istifadə olunur. Həmçinin, müxtəlif şəxslərin adlarına etibarnamə alınması, yaxud şirnikləşdirmə vasitəsilə qanunsuz əməliyyatlar həyata keçirilir. Vətəndaşlar bir çox hallarda bundan xəbərsiz olur və ya imza atdıqları sənədlərin məsuliyyətindən xəbərsiz olurlar. Bu cür əməliyyatlar nəticəsində isə hüquqi şəxslər yaranır, onların adından müxtəlif əməliyyatlar həyata keçirilir, büdcəyə külli miqdarda vergi borcları yaranır. Vətəndaş hüquqi baxımdan elektron imzanın sahibi olduğundan bu halda borcların ödənilməsinə də cavabdeh olur və o imzadan istifadə olunmaqla həyata keçirilən əməliyyatların nəticələrinə görə cavab verir.

Dövlət Vergi Xidməti xüsusilə sahibkarlıq fəaliyyətinə dair səlahiyyətlərin 3-cü şəxslərə verilməsi ilə bağlı ciddi xəbərdarlıqlar edir. Etibarnamə bir şəxsə digərinin adına müəyyən hüquqlar vermək üçün verilən bir sənəddir. Eyni zamanda, vətəndaşlar öz gücləndirilmiş elektron imzalarına qarşı da diqqətli olmalıdır. Elektron imza yalnız sahibinə məxsusdur və məhz imza sahibi onun qorunmasına cavabdehdir, başqa şəxslərin həmin imzaları istifadə etməsinə icazə verməməlidir.

Hər bir vətəndaş elektron imzanın daşıdığı səlahiyyətlərin hüquqi məsuliyyətini başa düşməlidir. Bu, gələcəkdə baş verə biləcək hüquqi problemlərin də qarşısını almağa kömək edir. Əgər vətəndaşlar elektron imza vasitəsilə baş vermiş qanunsuz[D1]  əməliyyatlar və ya aldadılma halları ilə üzləşərlərsə, dərhal hüquq mühafizə orqanlarına və həmin imzanın qüvvəsinin dayandırılması üçün müvafiq dövlət qurumlarına müraciət etməlidirlər. 


Seçilən
24
6
azia.az

7Mənbələr