AZ

Heydər Əliyev ucalığı

Rafael HÜSEYNOV,
Milli Məclisin sədr müavini, akademik

Bu suala həmişə cavab axtaracaqlar – bu gün də, sabah da. Nədir Heydər Əliyev möcüzəsinin sirri? O, qadir dövlətçi, dərin siyasətçi idi, mahir təşkilatçı, ilhamlı qurucu idi. Hansı səmtə üz tuturdusa orada misilsiz idi, qüdrətli idi. Bu daimi böyüklüyün, tükənməz qüdrətin hikməti nə idi? Bəlkə də çətindən-çətin görünən bu sualın sadədən-sadə bir cavabı var. Heydər Əliyev ömrü boyu dilimizə və elimizə bağlı oldu. Dilimiz və elimizsə torpaqdır. Torpağın üstündə nəsil-nəsil yaşamış insanlardır, ata-babalarımızdır, ata-babalarımızn minillər boyu yaratdığı mənəvi sərvətlərdir. Heydər Əliyev ömrü boyu dilimizə, elimizə, mənəvi sərvətlərimizə sahib oldu, gücü onlardan aldı. 

Qədim Antey haqqındakı əsatirdə ibrət var. O, gücünü torpaqdan alırdı. Ayağı yerdən üzülən kimi taqətdən düşməyə, zəifləməyə başlayırdı. Heydər Əliyev mübarizələrdən keçdi, savaşlardan adladı, sınaqlarla üzləşdi. Heç vaxt gücü azalmadı, heç vaxt taqəti tükənmədi. Həmişə müvəffəq oldu, daim məqsədə yetişdi, qarşılaşdığı dürlü sınaqlardan müdam zəfərlə çıxdı. Çünki möhkəm təməl üzərində ucalmışdı, ona görə ki, ayaqları həmişə ana torpağın üzərində idi, o səbəbdən ki, həmişə dilimizə və elimizə bağlı idi. Bu əbədi qaynaqlardan bəhrələnənlərin, dildən və eldən qüvvət alanların gücü tükənərmi?! Ömrü boyu dildən və eldən enerji aldığından həyatı uzunu borcunu qaytarmağı da ən ümdə vəzifəsi saydı, dilimizi və elimizi daha möhtəşəm etməkçün bacardığını əsirgəmədi. O üzdən də Heydər Əliyevin hələ bundan belə nə qədər yaşayacağı da dəqiq bəllidir – onun ömrü elə dilimizin və elimizin ömrü qədər olacaq. 

...Vaxtın insana öyrətdiyi əsas dərs barışmaq qabiliyyətidir. Dünyayla, onun dəyişməz həqiqətləri ilə barışmadan yaşamaqda davam etmək mümkünsüz olardı. Barışmalı olduğumuz ən kədərli gerçəkliksə bizə əziz, doğma olan insanlardan əbədi ayrılıqlardır. Dünənəcən səninlə bir yerdə olan, duyğu, düşüncə bölüşən, sənin və ətrafdakıların həyatını daha mənalı edən əzizlər bir-bir gedir. İnsanların ömürlərindən qopan yeridolmaz itkilərə tab gətirərək, taleyin belə gərdişi ilə razılaşaraq yaşamaqda davam etməsinin səbəbi heç vəchlə tükənməyən, daim diri qalan xatirələrdir. Özləri sönsələr də, işıqları insanlara doğru yüzillərlə uçmaqda davam edən uzaq ulduzlar kimi hafizədə qalan izlər bizə munis olmuş insanları biryolluq getməyə qoymur, bizimlə saxlayır, yaddaşımızdakı surətlərini yeri düşdükcə məhrəm həmsöhbətlərimizə çevirir.

Amma illərin arxasında qalmış o unudulmaz axşam ki indi yenidən canlandırmaq istəyirəm, onu təzədən bugünə qaytarmaq üçün yaddaşa güc gəlməyə ehtiyac yoxdur. Çünki həmin axşam insan yaddaşından qat-qat möhkəm bir hafizəyə həkk olunub. Bir axşam Azərbaycan televiziyasında görüşmüşdük, etdiyimiz söhbətlər, yada saldığımız anlar hamısı yazılmışdı, sonra həmin yazının əsasında veriliş hazırladıq, o gün ertəsi axşamı artıq həmin söhbəti Azərbaycan boyu ekran qarşısında olanların hamısı eşitdi, hətta növbəti illərdə də o yazı bir neçə dəfə təkrarlandı, lakin sonra həmin söhbət əsnasında masa arxasında oturmuşlar bir-bir dünyasını dəyişməyə başladı.

O gün unudulmaz Heydər Əliyevi anmaq, onun haqqında düşüncələrimizi, xatirələrimizi bölüşməkçün toplanmışdıq. Tarixçi, etnoqraf ailm, akademik Teymur Bünyadov idi, Milli Məclisin deputatı, bir vaxtlar Naxçıvanda mədəniyyət naziri, raykom katibi və digər yüksək vəzifələri tutmuş, sözün əsl mənasında ağsaqqal olan Fəttah Heydərov idi, görkəmli şərqşünas, akademik Vasim Məmmədəliyev idi, Xalq şairi Fikrət Qoca idi, bir də mən. İlk gedən Vasim müəllim oldu. Onu 2019-cu ilin 13 oktyabrında itiridk. 2020-nin 2 avqustunda Fəttah müəllimdən ayrıldıq, 2021-in 5 mayında Fikrətsiz qaldıq, 2022-nin 8 aprelindəsə Teymur müəllim bizi tərk etdi. Anlayan yanında ən maraqlı bədii filmdən daha çəkici və faydalı olan bu söhbət qalıb Televiziya və Radio Şirkətinin arxivindəki bir rəfdə, çətin ağlım kəsir ki, haçansa onu yenidən bütöv halda efirə vermək yada düşsün. Ancaq həmin söhbətlər gərək itməsin axı. “İtməsin” decəyin, itməyəcək, arxivdə qalmağına qalacaq. Lakin kimsəyə görünmədən, eşidilmədən elə bir rəfdə illərcə sükut içərisində qalmaq elə itmək kimi bir şeydir. Ancaq istəyirəm ki, o əziz insanları bugünə gətirim, həmin yaddançıxmaz axşamda söylədiklərini köçürüm kağıza, bu minvalla onlar özləri də, etdikləri söhbətlər də, haqqında danışdıqları böyük Heydər Əliyev də yenidən bizimlə üz-üzə dayansınlar.

O axşam sözümüz mənəvi dəyərlərimiz və Heydər Əliyevin bizi biz edən bu sərvətimizi qoruyub yaşatmaq yolundakı çalışmaları barəsində idi. Akademik Teymur Bünyadov söhbətini tariximizin uzaqlarından başlamış, dövlətçiliyimizin 3000 ilə sığan tarixinə ötəri səfər edərək müqayisə aparmışdı. Demişdi ki, bizim dünənimizdə Manna dövləti var, onun assurlara, midiyalılara qarşı vuruşan başçısı İzirtu olub, Makedoniyalı İsgəndərə qarşı incə siyasət aparmış, xalqını qorumağı bacarmış, yunanlar sarıdan gələ biləcək təhlükələri istisna etməkçün İsgəndərlə qohumluq əlaqələri yaratmış Atropat, ərəblərə, iranlılara, xəzərlərə qarşı vuruşmuş Cavanşir olub. Əlavə etmişdi ki, bizim ən qüdrətli sülalələrimizdən olan Atabəylər dövlət qurub, bu şəcərənin Şəmsəddin Eldəgiz kimi mərd, tədbirli oğlu varmış, sonra Qara Yusifin önündə getdiyi Qaraqoyunlu dövləti, Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti gəlib, tarix növbəni yenilməz sərkərdə və dövlət xadimi Şah İsmayıl Xətaiyə ötürüb.

Və Teymur müəllim sidq ürəkdən təsdiqləyirdi (özü “bütün cəsarətimlə deyə bilərəm” söyləyirdi) ki, Heydər Əliyev bunların heç birinə bənzəmir və onların hamısı birlikdə bütöv, güclü Azərbaycan naminə Heydər Əliyevin gördüyü işi görməyib. Həyatını tariximizi və xalqın milli özünəməxsusluqlarını öyrənməyə həsr etmiş alim Heydər Əliyevin bütün universal bilik və qabiliyyətlərinin fövqündə bu nadir şəxsiyyətin əsas ixtisası və missiyasını müəyyənləşdirməyə cəhd edərkən onu “xalqşünas” adlandırmışdı. 

O vaxt da bu ifadəni bəyənmişdim, indi də bu sözün Heydər Əliyevə aid edilərkən tam yerindəliyi, sərrast olması qənaətindəyəm. Xalqşünaslıq xalqı yaxşı tanımaq, yurdun və elin dəyərlərinə dərindən aşina olmaqdır. Heydər Əliyev Azərbaycan dilini çox sevirdi və Azərbaycan dili Heydər Əliyevin ifasında tamam ayrı bir səslənişdə zühur edir, daha cazibədar olurdu. Heydər Əliyevin xalqın ürəyində özünə yer tapmasının əsas səbəblərindən biri məhz onun ünsiyyət qura bilmək, qılıqlı olmaq, hər kəsin qəlbinə yol tapa bilmək qabiliyyəti idi.

Teymur müəllim Heydər Əliyevin insanlarla təmas qurmasının, kimlərisə yaxına buraxıb, kimlərləsə məsafə saxlamasının da gizlincini açaraq demişdi ki, öndərlə bir neçə dəfə görüşüb və onun insanlara münasibətində mühüm bir özəlliyi tutub: “O, qarşınsındakı adamı tanıyanda, görəndə ki, bu şəxs səmimidir, saf ziyalıdır, dövlətçiliyimizə sadiq, xalqımızı sevən adamdır, Heydər Əliyevdə bir uşaq təbiəti əmələ gələr, qarşısındakını heyranlıqla dinləməyə hazır olardı. Amma əks cəhəti də vardı ki, ünsiyyətə girdiyinin millətə xəyanət edən, etibarsız olduğunu bircə baxışı ilə tutunca sifəti çönərdi, ümumən o, xalqın qəlbini oxumaqda, bir başqasının ürəyində özünə yuva qurmaqda nadir, bənzərsiz adam idi”. 

...Azərbaycan xalqının tanıdığı, oxuduğu, sevdiyi çox kitablar var. Amma bu nəhayətsiz karvandakı əsərlərdən ikisi millətimiz üçün ən müqəddəs masaüstü Kitablardır. Biri Əsas Qanunumuz, biri də Quran. 

Və islami dəyərlərə Heydər Əliyev ömrü boyu çox dərin rəğbət bəsləmişdi. Hətta sovet dönəmində, kommunist rejiminin ən öndəgedən rəhbərlərindən biri olduğu zamanda da, özünün etiraf etdiyi kimi, həmişə o ideallar onun içərisində yaşayırdı. Təbii ki, sovet dönəmində bir kommunistin, xüsusən də partiya işi sahəsində yüksək vəzifə tutan şəxsin belə hisslərini evdən qırağa çıxarmaq imkanı yox idi. Amma məgər Sovet İttifaqı boyunca allahsızlığı özünə şüar etmiş Kommunist Partiyasının sıralarındakı cibində partiya bileti daşıyan və müəyyən vəzifələr tutan milyonlarla müsəlmanın hamısımı rəsmi ideologiyanın tələb etdiyi kimi ateist idi? Üzdə bəli, özlərini o cür göstərməyə məcbur idilər, ancaq o cəmiyyətin içərisində yaşayırdıq, insanları tanıyırdıq, bilirdik, görürdük axı əksəriyyət qəlbində din-imanına sədaqətlidir, hər kəsin daxilində bir Allah xofu və öz dininə inam var. Soyadı da, atasının və özünün adı da İslam müqəddəsləri ilə bağlı olan Heydər Əliyev də, təbii, istisna deyildi və onun alın yazısında İslam ziyarətgahlarının ən alisində namaz qılmaq varmış. Qismət oldu ki, yeni müstəqillik dövründə, təzədən hakimiyyətə qayıdandan sonra ilk səfərlərindən birini Səudiyyə Ərəbistanına etsin, Məkkədə Zəmzəm quyusundan su içsin, Mədinədə Peyğəmbər məscidinin qarşısında  xəyala dalsın.

Mənə də həmin səfərdə öndəri müşayiət edən dəstəyə qoşulmaq xoşbəxtliyi nəsib olmuşdu. Kim o qutsal məkanlarda olubsa bilir. Orada istər-istəməz özün olursan, sanki ilahi bir dalğa səndən keçir, Allah hüzurunda dayandığını hiss edərək daha artıq təbiiləşirsən, məhz Mövlananın söylədiyi sayaq, göründüyün kimi deyil, olduğun kimi görünməyə başlayırsan. Səudiyyə Ərəbistanına səfər ərzində mənə Heydər Əliyevi lap yaxın məsafədən müşahidə etmək fürsəti yaranmışdı və onun davranışlarını, söylədiklərini izlədikcə əmin olurdum ki, bu insanın varlığında dinimizə, dini dəyərlərimizə, dini dəyərlərin əsrlərcə Azərbaycan insanına aşıladığı əxlaqi meyarlara nə qədər dərin məhəbbət var.

Dəstəmiz böyük idi, ancaq barmaqla sayılacaq qədər az adama həmin səfərdə Heydər Əliev və ailəsi ilə birgə Həcər ül-əsvədin – Qara Daşın yerləşdiyi Kəbə evinə daxil olmaq imkanı çatdı. Ziyarətin bu həyəcanlı mərhələsindən sonra Heydər Əliyev televiziyalar üçün müsahibə verirdi, ancaq bu, bir müsahibədən daha artıq böyük dövlət adamının Pərvərdigara duası kimi səslənirdi: “Hər bir müsəlman üçün bura ən müqəddəs ziyarətgahdır. Hər bir müsəlmanın ömür vaxtı arzusu, niyyəti olur ki, buranı ziyarət etsin. Şübhəsiz ki, hamıya bu, nəsib olmur, qismət olmur. Ancaq bu gün bizə bu qismət olubdur. Dünyada insanın çox arzuları olur, çox istəkləri olur, çox niyyətləri olur. Hansı yerinə yetirsə, ona xoşbəxtlik gətirir. Ancaq bundan yüksək arzu ola bilməz və bu arzu bizim üçün nəsib oldu. Buna biz nail olduq. Biz xoşbəxtik, öz müqəddəs dinimizə bundan sonra da sadiq olacağıq və güman edirəm ki, bizim başqa arzularımız da müstəqil Azərbaycanın bu bəladan xilas olması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, müharibəyə son qoyulması arzumuz da yerinə yetəcəkdir. Əgər Allah bizim bu arzumuzu yerinə yetirməyə imkan veribsə, demək, bu, arzularımızın da yerinə yetirilməsinə kömək edəcək”.

Bizim bu səfərimiz 1994-cü ildə baş vermişdi və Heydər Əliyevin bütün millətin arzusu olan həmin duası 26 il sonra yerinə yetdi.

2005-ci ilin 11 dekabrında, unudulmaz Heydər Əliyevlə ayrılığın ikinci ilində masamız arxasında əyləşənlərdən din məsələlərinə ən dərindən vaqif Qafqaz Müsəlmanları İdarəsi Dini Şurasının da üzvü olan akademik Vasim Məmmədəliyev idi və söhbət bu yerə çatanda müdaxilə etmişdi və Ulu Öndərin inanclı bir insan olması ilə bağlı maraqlı müşahidələrini bölüşmüşdü. Heydər Əliyevin hələ sovet dövründə, ateizm siyasətinin tüğyan etdiyi çağlarda incə din siyasəti aparması məsələsinə toxunaraq demişdi ki, o zaman sovet dövləti miqyasında allahsızlıq siyasəti həyata keçirilirdi və bu siyasətin əsas hədəfi də İslam idi. 

Vasim müəllim bu vacib məqama diqqəti səbəbsiz yönəltmirdi. Baxmayaraq ki, ümumiyyətlə, ateizm dövlətin ideoloji xətti idi, amma hətta burada da ayrıseçkilik müşahidə edilməkdəydi. İslama olan həmlə başqa dinlərə olan hücumlardan dəfələrlə şiddətli idi. İmperiya siyasəti elə qurulmuş və elə yönəldilirdi ki, başlıca hədəf İslam idi, SSRİ-də hakim xalqın bağlı olduğu xaçpərəstliyin ibadətgahına da, sitayişçisinə də özününkü sayaraq daha yumşaq yanaşma vardı və bu, Orta Asiyada, yaxud Azərbaycandakı müəslmanlara münasibətlə kəskin fərqli idi. Bu elə bariz idi ki, sadə insanlara da görünürdü, amma Heydər Əliyev əvvəlcə Dövlət Təhlükəsizlik Komitəsində, sonralarsa respublikanın partiya rəhbərliyində çalışarkən, söz yox, belə yanaşmaların alt qatından, məxfi tərəflərindən də xəbərdar idi. Sənə, millətinə əks mahiyyətdən xəbərdar olduğun halda özün də həmin xətti yürütməyə borcluykən manqurtlaşmamış insanın daxilində etiraz duyğusunun yaranması labüddür. 

Heydər Əliyevinsə öz milli ruhu və çöhrəsini dövlət işində olduğu bütün illərdə qoruyub-saxlaya bilməsi mənə yalnız üzdə olan sübutlardan, ayrı-ayrı xatirələrdən bəlli deyil. Buna kənar gözlərə qapalı qalan Dövlət Təhlükəsizlik Komitəsi və Mərkəzi Komitəsi Bürosunun arxivlərdəki “məxfi” qrifli qovluqlardakı heyrətamiz cəsarət nümunəsi olan sənədləri araşdırarkən yəqin kəsilmişəm. 

Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu dövrdə, o zaman adı Zaqafqaziya Müsəlmanları İdarəsi kimi gedən dini qurumun nüfuzunu, çəkisini artırmaqçün xeyli iş gördüyünü söyləyən Vasim müəllim Heydər Əliyevin dinimizə belə münasibətinin kökünün ailədən gəlməsi qənaətində idi: “Heydər Əliyevin doğulduğu ailə inanclı, dindar bir ocaq idi. Özü deyirdi ki, anam da, atam da namaz qılardılar. Atasının adı “Əlirza” sözünün mənası nədir? Tək kəlmədə iki imamımızın adı qovuşub – birinci imamımız həzrət Əlinin, səkkizinci imamımız İmam Rzanın adları. Bəs özünün adı – Heydər, bu da həzrət Əlinin ləqəblərindən biridir. Heydər – kükrəyən, döyüş vaxtı qızğın şirə deyirlər. Ailədəki başqa adları, qardaşlarını götürək – Həsən, Hüseyn, Cəlal. Yəni bunların hamısı “Quran”la əlaqədar adlardır. Bu əlamətlərin hər biri ailənin kökünün dinə bağlı olduğunu göstərir. Mən bir anlığa təsəvvür edirəm ki, Heydər Əliyev o qara daşı, Kəbədəki qara daşı, – siz bir yerdə olmuşunuz, – nə cür məhəbbətlə qucaqlayıb, öpüb, orada Azərbaycan xalqı üçün necə səmimiyyətlə dualar edib. Mən o ziyarəti ekrandan izləmişəm. Orada sifətində elə səmimi ifadə vardı, elə ilahi ovqat hiss olunurdu ki, doğrudan da, bu insanın ömrü boyu Məkkəyə ziyarət etmək arzusunda olduğunu duyurdun. Ateizmin tüğyan etdiyi şəraitdə bu, mümkün olmayıbmış, dövlətimiz müstəqil olandan, xalq tərəfindən ölkəyə rəhbər seçiləndən az sonra Heydər Əliyev, bu nəhəng şəxsiyyət ilk xarici səfərlərindən birini məhz çoxdankı arzusunu yerinə yetirməyə həsr edib, Allahın müqəddəs Evinə ziyarətə gedib, orada illərdən bəri qəlbində gəzdirdiyi imanı, inamı xoşbəxt məmnunluqla dilə gətirib”. 

Söz-sözü çəkmişdi və mən o axşam həmin Məkkə ziyarəti əsnasında baş vermiş bir əhvalatı danışmışdım. Orada Səfa və Mərvə adlı iki təpə var ki, ziyarətin bir şərti də yeddi dəfə bu təpələrin ətrafında təvaf etməkdir. Bir dövrə vurduq, ikinci dəfə dolandıq, üçüncü dəfə yenə həmin çevrəvurmanı təkrar edəndə Şeyx Allahşükür Paşazadə Heydər Əliyevə üz tutdu ki, cənab Prezident, burada arada dayanıb dincəlmək, sonra dövrəvurmanı davam etdirmək mümkündür. Çünki ziyarətə gələnlərin arasında fiziki cəhətdən zəiflər, hətta şikəst insanlar da olur, onlar üçün də şərait yaradılıb, təkərli arabalar var, ondan da istifadə edə bilərlər. Elə biz də arada əyləşib nəfəsimizi dərə bilərik, şəriət bunu məqbul hesab edir. Şeyx belə deyincə dəstəmizdəki yaşlı ziyarətçilərdən bir neçə nəfəri ayaq saxladı, Ziya Bünyadov əyləşdi. 

Heydər Əliyevsə Allahşükür Paşazadəyə sarı çevrilərək ona xas səmimi zarafat tərzində təbəssümlə dedi: “Görünür, şeyx özü yorulub, ona görə belə deyir. Kim istəyir otursun, mənsə axıracan dayanmadan gedəcəyəm”. 

Heydər Əliyevin şuxluq saçan bu sözlərinə hamı gülüşdü, onun zərif zarafatı bir an içində hamının əhvalını durultdu, hər kəs şövqlə növbəti dövrələri vurmağa yönəldi. Məsafə isə, həqiqətən, qısa deyildi və şeyx də həmin təklifi səbəbsiz etməmişdi.

Əslində, bu hadisənin özündə də bir rəmzilik vardı. Bu, Heydər Əliyevin xarakteri idi, o, keçdiyi istənilən yolda məqsədə doğru sona qədər gedirdi. O da insan idi, hamımız kimi, əlbəttə, o da yorulurdu. Unutmamışıq ki – saatlarla auditoriyalar qarşısında dayanırdı, izdihamların önündə çıxış edirdi. Bəzən nitqləri saatlarla uzana da bilirdi. Amma əvvəldən-sonacan şax, farağat dayanaraq danışırdı. Hər kəs də heyrətlənirdi ki, bəyəm bu insan yorulmur? Əlbəttə yorulurdu, hər adamın dözümünün, taqətinin bəlli hüdudu var. Amma Heydər Əliyevdə iradə o qədər güclü idi ki, lazım gələndə yorulmaq hissini də kənara qova bilirdi. Həm də Heydər Əliyev bütün ömrü boyu belə olmuşdu.

Amma orada – Məkkə ziyarətində o təvaf mərasimi başa çatanda Heydər Əliyevin yorğunluqdan əsər-əlamət olmayan, sanki bir az da işıqlanmış çöhrəsinə baxarkən düşüncəmdən bir ayrı ehtimal keçdi. Həmin gün bir belə məsafə qət edəndən sonra da onun bunca gümrah qalmasının gizlinci eşqdə idi. İllərcə ürəyində bəslədiyi diləyinə, nəhayət ki, yetişməsi elə bil ona qanad vermişdi, sanki bu yeddi dövretmə heç addımlamaq deyilmiş, iki müqəddəsləşmiş təpənin ətrafına pərvanə kimi uçaraq dolanmaqmış.

Ürəyimdən, beynimdən keçən bu mülahizələrimi 2005-in dekabrında, o qiymətli insanların əhatəsindəykən söyləmişdim də və Vasim Məmmədəliyev dərhal son sözlərimdən tutmuşdu: “Çox gözəl deyirsən, həqiqətən, bu, bir ilahi eşq idi. Axı bunu elə fərziyyə kimi demirəm. O vaxt, həmin ziyarət bitəndə rəhmətlik Heydər Əliyev fəxri qonaqlar kitabında təəssüratını da yazıb. Bunlar nəşr də olunub, kitablara da düşüb. Yazır ki, nəhayət, mən öz arzuma çatdım. Yəni o ilahi istəyimə yetişdim, Allahın Evini ziyarət etdim və Allahın böyüklüyünü burada bir daha dərk edərək bu böyüklüyə qane oldum. Bu sözlər onun illərcə daxilən gəzdirdiyi imana ən gözəl dəlalətdir”.

İbadətgahlara, ziyarət yerlərinə, tapınaqlara insanlarımız həmişə inamla, ümidlə yollanıb. Zəmanələr olub ki, pirlər, məscidlər dağıdılıb, ya dağıdılmayanları da bir başqa şəkildə alçaldılaraq anbarlara döndərilib. Ancaq insanlar iriliyindən-xırdalığından asılı olmayaraq həmin qutsal məskənlərə daim Allah Evi kimi baxıb, o yerlərdə ruhi asayiş tapıblar.

Yüksək mənəviyyat sahibi Heydər Əliyevin ictimai vicdanımız qarşısında bir xidməti də bu oldu ki, ziyarətgahlarımıza, ibadətgahlarımıza xüsusi diqqət və nəvazişlə yanaşdı, onların ömrünə ömür artırmaqçün əlindən gələni etdi.

Həm də qabil rəssam olan böyük vətənpərvər, Azərbaycan ziyalılığının və XX yüzilin başlanğıcında millət quruculuğu səmtində çalışanların ən fədakar simalarından olmuş Əli bəy Hüseynzadənin fırçaya aldıqları arasında Bibiheybət məscidinin rəsmi varmış və günlərin birində maddi sıxıntılar vadar edir ki, həmin tablonu satışa çıxarsın. Bu lövhənin satışa qoyulduğu dükana girmiş Bakıdakı ingilis konsulu rəsmi görüncə bəyənir, beh də verir ki, az sonra gəlib aparacaqlar. İş elə gətirir ki, təsadüfən Hacı Zeynalabdin Tağıyev bu sövdələşmədən xəbər tutur və ləngimədən rəsm üçün elan edilmiş məbləği ödəyərək deyir: “Rəva görmək olmaz ki, Azərbaycanın sərvəti olan bir əsər buradan bir əcnəbi tərəfindən alınıb kənara aparılsın”.

Hacının bu xeyirxahlığı illər sonra gerçəkləşəcək başqa bir nəciblikdən ötrü təmələ çevrilir.

Şura hökuməti Bakıya kirli qədəmlərini basanda ilk dağıdıb məhv etdiklərindən biri də Bibiheybət məscidi olur. Guya fəxr olunmalı bir iş görürlərmiş kimi gələcəkdə özlərini ifşa edəcək əşya-yi dəlilə çevriləcək bir kinoxronika da çəkilblər. Bibiheybət məscidinin uçurulmasını əks etdirən o kadrlara baxırkən indi də ürək ağrıyır. 

Heydər Əliyevin millət qarşısında daha bir ləyaqətli işi də bu oldu ki, zamanında xalqın mənəvi dayaqlarını laxlatmağa yönələn siyasət aparan, o gedişatda Bibiheybət məscidi kimi bir memarlıq inci və ruh abidəsini dağıdanların xətasını düzəltdi. Məscidi elə öz tarixi yerindəcə əvvəlkindən də əzəmətli bir görkəmdə ucaltdı. Və bu məqamda tarixdəki nəcibliklər səsləşdi. Əli bəy Hüseynzadənin XX əsrin əvvəlində çəkdiyi rəsm həmin yüzilliyin sonunda Bibiheybət məscidinin bərpa edilməsində dada yetdi.

...Heydər Əliyevin zərbülməsələ çevrilmiş deyişidir ki, Azərbaycan dünyaya Günəş kimi parlayacaqdır.

Bu elə istəkdir ki, böyüklü-kiçikli hər azərbaycanlının könlündə həmişə var və bütün gələcəklərdə də belə olacaq. Lakin bu sözləri demiş Heydər Əliyev sadəcə arzulamır, ümid bəsləmir, Azərbaycanın həqiqətən dünyanın hər nöqtəsindən görünən bir Günəş kimi parlaması üçün gecə-gündüz çalışırdı. 

Azərbaycan tarixən dözümlülüyün, həmrəy birgəyaşayışın, ən müxtəlif dillərdə danışan və fərqli dinlərə tapınan insanlara mehriban köksündə səxavətlə yerayırmanın misilsiz meydanı olub. Əsrlər öncə bunun məhz belə olmasının aynası İçəri şəhərimizdir. Yüzillər qabaq qala divarları arasında məscid də, kilsə də, atəşpərəst məbədi də yanaşı olub və bu ənənə nəsil-nəsil ötürülüb. XX əsrin dünyanı dəyişən təlatümlü hadisələrlə daşan son çərəyində dünyanın çox yerində dinlər arasında ədavət toxumu səpənlər, bu qızışdırıcılıqla bir çox qanlı qarşıdurmalara rəvac verənlər də oldu. Heydər Əliyev yeni müstəqillik dönəmində Azərbaycan Respublikasına rəhbərliyinin lap başlanğıcından bu həssas mövzunu daim diqqətində saxladı, macal vermədi ki, əsrlərcə qazandığımız və daim öyündüyümüz tolerantlıq təcrübəsini naşı, ya fitnəkar insanlar zədələsinlər. Siyasətdə balanslaşdırılmış bir xətt tutaraq Azərbaycan üçün beynəlxalq əlaqələrin ən sərfəli və ağıllı düsturunu yaradan Heydər Əliyev eyni yanaşmanı inanclar şəbəkəsinə də tətbiq etdi. Özünün çox sərrast ifadəsi vardı. Deyirdi ki, biz Sirat körpüsü kimi nazik bir yolla irəliləyirik. Sağa və sola atılan yanlış bir addım, istənilən büdrəmə uçuruma yuvarlanmağa səbəb ola bilər.

Siyasətdə də, ölkədəki din siyasətində də qızıl ortanı meyar olaraq götürməsi bir tərəfdən Heydər Əliyevin siyasət qrossmeysteri olmasından irəli gəlirdisə, ölçülü-biçili xətt tutmaq diplomatiyasının fövqəladə peşəkarı olmasından irəli gəlirdisə, digər yandan, bu, elə həm də Öndərin təbiətindən doğurdu, daxilindəki demokratizmin təzahürü idi.

O, dünyaca məşhur İslam liderləri ilə əl tutanda da, Roma Papası ilə bir masa arxasında əyləşəndə də eyni dərəcədə səmimi, həmsöhbətləri ilə eyni dərəcədə məhrəm idi. Və bunu əlavə sözlərlə sübuta yetirməyə zərurət yox idi. Çünki müdrikliklə aparılan siyasətin, görülən işlərin sayəsində Azərbaycan məhz bu məziyyəti ilə dünyanın hər guşəsindən qibtəoyadıcı ucalığı ilə görünürdü.

O gün – Heydər Əliyev həyatda olanda görünürdü, indi – bu müstəsna şəxsiyyətlə ayrılığın üstünə illər gəldikcə, müasir Azərbaycanın qurucusunun əbədi ömrünün ikinci əsri başlanandan sonra da aydınlığı ilə duyulur. Heydər Əliyevin uca boyu Vaxtın bütün gələcəklərindən də görünəcək, hər dəfə də onun peyğəmbərcə dəqiq söylədiyi “Mən həmişə Azərbaycanda olacağam” gerçəyini təsdiq edəcək!

 

Seçilən
18
xalqqazeti.az

1Mənbələr