AZ

Su anbarlarının ehtiyatı çoxalıb

Muxtar Respublikada 2024-cü ilin noyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil başa çatdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələrinə aid ərazilərdə  kanal və arxlarında lildən təmizlənmə işləri davam etdirilib. 

Suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Agentliyin mətbuat xidmətindən “XQ”yə verilən məlumata görə, 2024-cü ilin noyabr ayının sonunda su anbarlarında 145,32 milyon kubmetr su ehtiyatı mövcud olub. Su istifadəçilərinə ay ərzində 22,75 milyon kubmetr su verilib, bunun müqabilində 18 min 294 hektar torpaq sahəsi suvarılıb.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə Şərur rayonunun 27 hektar, Babəkin  10 hektar, Naxçıvan şəhər ərazisinin isə 15 hektar olmaqla, ümumilikdə, 52 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

2024-cü ilin noyabr ayında 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 1 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 89 metr kürə təmizlənib, 6 metr saybənd hörülüb.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Naxçıvan

 

Seçilən
17
xalqqazeti.az

1Mənbələr