AZ

Türkiyə Efiopiya ilə Somalini barışdırdı

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Ankarada Türkiyənin vasitəçiliyi ilə Efiopiya ilə Somali arasında bəyannamə imzalanıb.

Somali Federativ Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası bir birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bəyan ediblər, fikir ayrılıqlarını və mübahisəli məsələləri geridə qoymaq və ümumi rifah naminə əməkdaşlıq üçün irəliləmək barəsində razılığa gəliblər.

Bu razılaşma Türkiyənin vasitəçiliyi ilə iki ölkə arasında imzalanmış Ankara bəyannaməsində öz əksini tapıb. 

Dekabrın 11-də Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiyanın Baş naziri Abi Əhməd Əli ilə görüşüb. Somali ilə Efiopiya liderləri bir-birlərinin suverenliyinə, birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Afrika İttifaqının Təsis Müqaviləsində təsbit olunmuş prinsiplərə hörmət və sadiqliklərini bir daha təsdiq edibər.

Sənədə əsasən, Somali Afrika İttifaqının əməliyyatlarında Efiopiya əsgərlərinin itkisini etiraf edir. Tərəflər Somali Federativ Respublikasının ərazi bütövlüyünə hörmət etməklə, Efiopiyanın dənizə təhlükəsiz çıxışı və dənizdən çıxışından əldə edə biləcək potensial faydaları tanıyırlar.

Bəyannamədə bildirilir ki, Efiopiya ilə Somali  ikitərəfli razılaşmalar əsasında, Somali Federativ Respublikasının suveren hüquqları çərçivəsində, Efiopiya Federativ Demokratik Respublikasının dənizə etibarlı və təhlükəsiz çıxışdan faydalanmasına imkan verəcək müqavilələr, qarşılıqlı faydalı icarə və ticarət  sazişlər imzalamaq məqsədilə yaxından əməkdaşlıq barədə razılığa gəliblər. 

Tərəflər Türkiyənin köməyi ilə, 2025-ci ilin fevral ayının sonundan gec olmayaraq  bu məqsədlər üçün texniki danışıqlara başlamaq və danışıqları 4 ay ərzində başa çatdıraraq yekun sənədi imzalamaq barəsində  razılığa gəliblər.

Türkiyə lideri R.T.Ərdoğan hər iki ölkəni və liderlərini qarşılıqlı kompromisə nail olmaları münasibəti ilə təbrik edib.

Hürr Tərcüman

Seçilən
26
hurriyyet.az

1Mənbələr