AZ

Rus diplomat məhkəmənin Əsədlə bağlı qərarından danışdı – ABŞ-ın niyyəti baş tutacaqmı?

Rusiya Bəşər Əsədin ekstradisiyasının mümkünlüyünü istisna edir.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Diplomat “Beynəlxalq Cinayət Məhkəməsinin qərarları bizə aid deyil” deməklə Bəşər Əsədin ekstradisiyasının mümkünlüyünü istisna etdiklərini açıqlayıb.  Bildirib ki, Suriyanı tərk edən keçmiş prezident Bəşər Əsəd Rusiya ərazisindədir və tam təhlükəsiz yerdədir.

Rusiyalı diplomat Amerikanın “NBC News” telekanalının nümayəndəsinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi təqdim ediləcəyi təqdirdə Əsədin ekstradisiyasının mümkünlüyü ilə bağlı sualını cavablandırıb və bunu tamamilə istisna edib. Sergey Ryabkovun sözlərinə görə, Rusiya BCM-nin yurisdiksiyasını tanımır, ona görə də bu təşkilatın sənədləri onun ərazisində etibarlı deyil. Deməli, Moskva Suriyanın keçmiş prezidentini heç kimə təhvil verməyəcək. Sergey Ryabkov həmçinin Bəşər Əsəd və ailəsinin tam təhlükəsiz yerdə olduğunu təsdiqləyib, lakin onun təxliyəsi və s. təfərrüatlarını açıqlamaqdan imtina edib.

“Belə bir vəziyyətdə nə baş verdiyini, bu məsələnin necə həll olunduğu barədə fikir yürütməyim düzgün olmazdı. O, təhlükəsiz yerdədir. Bu onu göstərir ki, Rusiya belə fövqəladə situasiyalarda lazım olduğu kimi hərəkət edir”- xarici işlər nazirinin müavini əlavə edib.

Bundan əvvəl ABŞ Suriyanın keçmiş liderini, onun Rusiyaya qaçmasına kömək edənlərin hamısını “cəzalandırmaq” niyyətində olduğunu bəyan etmişdi. ABŞ Dövlət Departamentinin hazırkı rəhbəri Entoni Blinken demişdi ki, digər dövlətlərin bir çox liderləri də Əsədin cəzalandırılmasını istəyir.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr