AZ

QAYNAR ÖLKƏ – Eldəniz Quliyev yazır

Səni eşitmək  istəməyənə söz demək, kora güzgü vermək kimidir – «sağ ol» deməz...

Qəribə zamanda yaşayırıq... Dünya qaynar qazana çevrilib, bircə himə bənddi ki, pıqqa-pıqla qaynasın.

Dünən o  qazanın altına, odun yerinə qloballaşma, tolerantlaşma qoyurdular, bu gün isə hərbiləşmə, qütbləşmə dürtürlər. Bu gedişlə, sabah qazanı qızışma və atomlaşmayla, bir az da pırpızlaşmayla qaynadacaqlar!..

Allah özü saxlasın!

Bunları sözgəlişi dedim, ehmalca sürüşüb öz döğma-əziz məmləkətimizə qayıdaq... Necə olsa, "Vətən viranə qalsa da, Vəfalıdır, vətəndir".

Bu gün heç kim ölkədə vətəndaş qarşıdurması arzulamır. Çünki hamı dərk edir ki, ölkəmiz dünyanın bapbalaca bir parçasıdı və bu bapbalaca vətəndə XAOS yaratmaq yepyekə bəla gətirər.  Ağlı başında olan hər kəs, əlbəttə ki, qan-qadadan mümkün qədər kənar olmağa çalışır. Kaş ki, siyasi iradə qılıcını qınında pasladan "yuxarı başdakılar" da dərk edəydilər bunu!..

Bu gün dünyada, ələlxüsus böyür-başımızdakı regionlarda vaqe olan, əsasən də, hikkə və buynuz qaşınmalarından yaranan mənasız-mənasız toqquşmalar, səfeh-səfeh münaqişə və müharibə ocaqları, gərək ki, bizləri son dərəcə məsuliyyətli olmağa, özümüzü yığışdırmağa, "qartımızı-qurtumuzu" düzəltməyə sövq eləsin. Yəni mövcud geosiyasi olayların-oyunların "urusca" olduğunu qətiyyən gözardı eləmək olmaz!..

Kim deyər: hazırkı zaman kəsiyində Azərbaycan hakimiyyəti çalışıb deyilənlərin fərqində olmalı, daxili, ən çox da xarici siyasət strategiyasında düşünülmüş addımlar atmalıdlr, ya yox? Əlbəttə, atmalıdır. Həm xarici, həm də daxili siyasətdə ölçülü-biçili mövqe nümayiş etdirmək, hava, su qədər vacibdir, ən əsası isə, ölkə içində köklü-köməcli islahatlara başlanmalıdır, özü də hər sahədə və təcili!

Hakimiyyət ökədə əmin-amanlığın bərqərarında, habelə vətəndaş həmrəyliyi və milli barış məsələlərində maraqlı olmalıdır; daha absurd bəhanələrlə camaatın işığının, təbii qazın, suyun, yanacağı, müfafiq olaraq, bütün istehlak-tələbat mallarının və s. və i.a.-ın qiymətlərinin artmasında yox. İkinin üstünə iki gələndə beş eləmir ki? Zəhmət çəkib həll eləsinlər də!

Şanlı hökumətimiz məmləkəti külli-aləmdə zəlil eləyən və ilin dörd fəsli açıq olan "siyasi məhbusların ov mövsümü"-nü ləğv eləməli, qapatmalı, bağlamalıdı. Ölkənin quru yollarını isə, əksinə, taybatay açmalıdır. Günahsız insanların təqib, təhdid və təhqir olunması prosesinə nəhayət ki, nöqtədən, nidadan qoyub dayandırmalıdlr.  Əks-təqdirdə... Bəli, əks-təqdirdə başımıza sanksiya yağışı yağacaq, qadağa, tabu külü töküləcək...

Bu bir faktdır ki, (və bunu unudan, daldan topuğa daş atanların vəziyyətinə düşə bilər) dünya ölkələrində zor gücünə edilən bütün çevrilişlər və inqilablar (qanlı, qansız - dəxli yoxdur), adidən də adi sosial tələblərdən başlayır... yəni, "qarnım acdır, bir tikə çörəyə möhtacam", "əynimə paltar, ayağıma ayaqqabı, başıma papaq ala bilmirəm..." - bu və bu kimi tələblər qulaq ardına vurulanda, işlər şuluğlaşır və təbii şəkildə önə sərt siyasi tələblər keçir. Siyasi tələblərin repressiya ilə qarşılanması isə, qarşısıalınmaz və proqnozlaşdırılmayan XAOSa rəvac verir... Və elə bu məqamdaca, "Kərəmi ağlamaq tutur", sonra ara qarışır, məzssəb itir, daha sora isə, it öz yiyəsini tanımır...

Bə nə etməli? Zalım oğlu Çernişevski bəşəriyyətin alnına elə əbədi bir sual mismarlayıb ki...cavabı hələ də "Əhməd  haradadır?"-a "fora" verir...

Məncə, daha doğrusu, mənə qalsa, ilk növbədə, başımıza dəyən əsassız, arqumentsiz və insafsız qiymət artımları və gəmirici cərimə qapazlarına "stop!" deyib durdurardım. Daha sonra, kələkbaz məmurların özbaşınalığına elə bir badalaq vurardım ki, hamısı, türkün sözü, kəllə-mayallaq olardılar. Ölkə konstitusiyasına, demokratik açılıma - ifadə azadlığına və digər insan hüquq və azadlıqlarına hörmətlə, izzətlə yanaşmağı, qanunun aliliyinin qorunmasını "göz bəbəyi kimi qorumaq" məsəliylə calaqlayıb eyniləşdirərdim. Bundan sonra keçiriləcək bütün seçkiləri taleyüklü sayar və onların tam şəffaf, lap ədalətli, çox abırlı və tərtəmiz keçirilməsinə start verərdim. 

Əslində, bütün bu sadalanan və sadalanmayan ağrı-acılara əncam çəkmək mənim, sənin, bizim yox, hökumətin işi, məhz hökumətin vəzifə borcudur...

Borcu isə, qaytarmaq lazımdı, illahda bu borc xalqa ola!..

Başımızın, başımızla birgə gün-güzəranımızın da sağ-salamat olmasını istəyiriksə, gərək... gərnəşək. Gərnəşək və...birləşək. Başqa çarəmiz yoxdu. Çünki vaxt gözləmir, vaxt dayanmır...Vaxt gedir, vaxt axır...

Sözün qısası, əlqərəz, üstəlik, müxtəsəri, tələsmək lazımdı. Yəni ellikcə anlamalıylq ki, artlq bu gün, "tələsən tərsə düşər" məsəli tam tərsinə işləyir. Yəni məhz tərsə düşməmək üçün tələsmək lazımdı...

çünki dünya fırlanır. Yaman fırlanır!..

çünki dünya qımışa-qımışa, qızışa-qızışa, hətta pırpızlaşa-pırpızlaşa pıqqıldayır...

çünki dünya qaynar qazana dönüb pıqqa-pıqla qaynamaq həddinə çatıb!..

Eldəniz QULİYEV

Seçilən
32
hurriyyet.az

1Mənbələr