AZ

Kütləvi atışmalar, dəhşətli terror aktları: 2024-cü ilin FACİƏLƏRİ

2024-cü ildə yüzlərlə insanın həyatına son qoyan bir çox faciəli hadisələr baş verdi. Xüsusilə irimiqyaslı terror aktları Kirmanda 94 nəfərin ölümü ilə nəticələnən zorakılıqlar, həmçinin Bəlucistanda 30-dan çox insanın ölümü ilə nəticələnən əkiz partlayışlar və Moskva vilayətində "Crocus City Hall" binasına hücum. Oxşar faciələr Mali, Əfqanıstan və Pakistanı da əhatə edib.

Publika.az 2024-cü ildə baş vermiş əsas faciələri təqdim edir.

Kirmanda (İran) terror aktı

Kirmanda terror hücumu yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə şəhər qəbiristanlığında baş verib. İki partlayış nəticəsində azı 94 nəfər ölüb, 284-dən çox insan yaralanıb.

"İslam Dövləti"nin Əfqanıstan qolu hücuma görə məsuliyyəti öz üzərinə götürərək, hücumun iki kamikadze tərəfindən törədildiyini bəyan edib. Hücum İsrail və HƏMAS arasında münaqişədən sonra Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib.

İran hökuməti İsraili hücumda əli olmaqda ittiham edib, lakin ABŞ Dövlət Departamenti bu ittihamları rədd edib. Terror aktı nəticəsində ölkədə bir günlük matəm elan edilib.

Bəlucistanda (Pakistan) ikiqat terror aktı

Fevralın 7-də Bəlucistanda ikiqat terror aktı baş verib, azı 30 nəfər ölüb, 40-a yaxın insan yaralanıb. Hücumlar ümumi seçkilər ərəfəsində baş verib və namizədlərin ofislərini hədəf alıb. Onlar “İslam Dövləti” (İŞİD) silahlıları tərəfindən törədilib.

İlk partlayış Pişində müstəqil namizəd Asfand Yar Xan Kakarın ofisi yaxınlığında motosikletə yerləşdirilmiş bombanın partlaması zamanı baş verib və 16 nəfər həlak olub. İkinci partlayış isə Qilla Seyfullahda baş verib və Cəmiyyət Üləma-i İslam partiyasının ofisini hədəf alıb. 12 nəfər ölüb. Zorakılığa cavab olaraq Pakistan Əfqanıstan və İranla sərhədlərini fevralın 9-dək bağlayıb.

Kvaledə (Mali) hücum

Fevralın 28-də “Camaat Nəsr əl-İslam vəl Müslimin” terror təşkilatının cihadçıları Malidə Kvaledəki hərbi düşərgəyə hücum ediblər. Bu, iki il ərzində ilk intihar avtomobil hücumu idi. Nəticədə 30-32 Mali əsgəri həlak olub, onlarla əsgər yaralanıb. Terrorçular silah və sursat ələ keçirib, həmçinin iki əsgəri əsir götürüblər.

Qəndəhar bankında partlayış (Əfqanıstan)

Martın 21-də Qəndəharda İŞİD ilə əlaqəli kamikadze tərəfindən "New Kabul" Bankının filialında terror aktı baş verib. Partlayış yerli vaxtla saat 8:00 radələrində baş verib və azı 21 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Bu hücumun əsas hədəfi bankdan maaş alan "Taliban" hərəkatının əməkdaşları olub. Hücum edən şəxsin Özbəkistan vətəndaşı Asadbek Madiyarov olduğu müəyyən edilib.

"Crocus City Hall"da terror aktı (Rusiya)

Martın 22-də “Crocus City Hall”da (Krasnoqorsk, Moskva vilayəti) konsert zamanı terror aktı baş verib. Hücum saat 19:58-də başlayıb: 4 terrorçu ziyarətçilərə atəş açıb. Hücum nəticəsində 145 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti "İslam Dövləti" öz üzərinə götürüb. Rusiyada milli matəm elan edilib, təhlükəsizlik tədbirləri gücləndirilib və şübhəli şəxslərin kütləvi saxlanması həyata keçirilib.

El Deredə (Somali) hücum

İyunun 8-də “Əş-Şəbab” radikal islamçı qruplaşmasının yaraqlıları El-Derə (Somali) hücum edərək, şəhəri bir neçə saat ərzində ələ keçiriblər. Hücum kamikadzelərin hərbi bazalara hücumu ilə başlayıb. ABŞ-ın dəstəklədiyi hökumət qüvvələri, hava hücumları da daxil olmaqla şiddətli döyüşlərdən sonra şəhəri geri aldı.

Seçilən
39
44
publika.az

10Mənbələr