AZ

1-ci liqanı qurbana çevirən AFFA 2-ci liqaya yar olur! – REPLİKA

Noyabrın 28-də 1-ci liqanın 8-ci turu çərçivəsində liderlərin duelinə, yəni “Karvan” – “Qəbələ” matçına şahidlik etdik.

Xatırlayırsızsa, “futbol ili”nin ən qalmaqallı oyunlarından biri oldu və “qırmızı-qaralar”ın minimalhesablı qələbəsiylə yekunlaşdı. Görüşdə konkret hansı hadisələrin baş verdiyini, Yevlax təmsilçisinin baş hakim Tural Qurbanovun idarəçiliyindən narazı qaldığını, AFFA İntizam Komitəsinin meydanda yaşananlar üzündən “Karvan”a ciddi sanksiyalar tətbiq etdiyini bilirsiz. Meydan sahibləri həm cəzalarla barışmır, həm də AFFA-dan Qurbanovla bağlı ölçü götürülməsini tələb edir və bu məqsədlə apellyasiya ərizəsi yazıb. Bu öz yerində. Sözümün canı nədi, futbol təsərrüfatımıza ziyanına işləyən məqamları yenə niyə yada saldıq? Dinləyin...

2-ci liqada da liderlərin duelini izlədik. “Şahdağ Qusar” “doğma divarlar” arasında “Şəfa”nı “kötəklədi” – 7:1. Amma mövzu belə fantastik hesabın qeydə alınması yox, matçın baş hakimi ilə bağlıdı. Ona görə ki, oyunu ölkəmizin ən təcrübəli hakimi Əliyar Ağayev idarə edirdi! Bəli-bəli, inanmırsızsa, PFL-in rəsmi saytına baxın. Təbii ki, 1-ci liqa liderlərinin görüşündə premyer-liqanın ən təcrübəsiz hakimi çıxış etdisə, 2-ci liqayla bağlı belə qərarın verilməsi şübhə doğurmaya bilməz. O başqa məsələ ki, Ağayevin təyinatı “Şəfa”nın rəsmi müraciətiylə bağlıdı. Yəni paytaxt təmsilçisi təcrübəli hakim tələb etdiyindən AFFA Əliyar bəyi Şamaxıya göndərib.

Bizə maraqlı gələn başqa məsələdi: həqiqətənmi AFFA məntiqli qərar vermək üçün klubların müraciətinə ehtiyac duyur? Prinsipial matçlarda daha təcrübəli ədalət təmsilçisinin fit çalması hadisələrin məntiqi axarının nəticəsi olmalı deyilmi? Premyer-liqada belədisə, 1-ci və 2-ci liqanın da inkişaf etməsini, səviyyəsinin yüksəlməsini istəyiriksə, qalmaqalların yaşanması ehtimalını minimuma endirmək lazım deyilmi?

KƏNAN BAHADIR

Seçilən
30
football-plus.az

1Mənbələr