AZ

AZƏRTAC-ın kollektivi Ulu Öndərin xatirəsini ehtiramla anıb

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-si Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu gün Ümummilli Liderin vəfatından 21 il ötür. Hər il olduğu kimi, xalqımız bu il də öz dahi oğlunun xatirəsini dərin ehtiramla yad edir, Azərbaycanın hər yerində və xarici ölkələrdə izdihamlı anım tədbirləri keçirilir.

AZƏRTAC-ın inzibati binasında da anım tədbiri keçirilib. Əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb. Sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev anım mərasimində çıxış edib, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışaraq deyib: “Tariximizdə əbədi olaraq qalacaq Ulu Öndər ölkəmiz vətəndaş müharibəsi, dövətçiliyimizin yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gəldi. Məhz onun qayıdışı ilə Azərbaycan tarixində yeni bir dövr başladı”.

İdarə Heyətinin sədri qeyd edib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitlik yarandı, dövlətimiz inkişaf etməyə başladı. Sabitlik və inkişaf Ulu Öndərin misilsiz xidmətləri, cəsarəti, əzmi, yorulmaz fəaliyyəti nəticəsində təmin olundu. “Bunun üçün çox böyük səylər göstərildi. Ulu Öndər bu gün bizim rahat və təhlükəsiz şəraitdə, güclü, gündən-günə inkişaf edən ölkədə yaşamağımız üçün əlindən gələni əsirgəmədi. Bu gün Azərbaycan nəinki regionda, hətta dünyada seçilən, öz sözünü deyən qüdrətli dövlətdir”, - deyə V.Əliyev diqqətə çatdırıb. Bildirib ki, biz bütün bunlara görə Ulu Öndərin uzaqgörən siyasətinə borcluyuq. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla həyata keçirən Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Anım tədbirindən sonra AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, önünə tər güllər düzüb.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.

 

Seçilən
22
1
azertag.az

1Mənbələr