Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla Varşavada görüşərək, Ukraynada müharibədən sonrakı sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək. Bu barədə "Politiko"ya AB diplomatı və Fransa rəsmisi məlumat verib.
Polşanın “Rzeczpospolita” qəzetində iki ölkənin digər ölkələrin hərbçilərindən ibarət potensial 40 min nəfərlik sülhməramlı missiyanı müzakirə etdiyinə dair xəbərlə bağlı suala cavab verən avropalı diplomat bunu təsdiqləyib. Lakin o, hərbçilərin hansı ölkələrdən gətirilə biləcəyini açıqlamayıb.
Eyni zamanda, Polşa rəsmisi müttəfiqlərin Makronun təklifindən təəccübləndiyini vurğulayıb.
Diplomatın sözlərinə görə, sülhməramlı missiyalarla bağlı qərarlar Fransa prezidenti ilə ikitərəfli müzakirələr çərçivəsində deyil, BMT və ya ATƏT çərçivəsində qəbul edilməlidir. Rəsmilərin fikrincə, Polşa qoşunlarının Ukraynaya göndərilməsi yalnız NATO formatında məna kəsb edəcək.
Nəşr qeyd edib ki, xarici qoşunların Ukraynaya yeridilməsi Rusiya Prezidenti Vladimir Putinin gələcəkdə müharibəyə başlamayacağına zəmanət verə bilər.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, Fransa dünyadakı nüfuzunu və mövqelərini ciddi şəkildə itirməyə başlayıb:
"Hazırda Makronun orduları Afrikadan böyük sürətlə qovulmaqdadır. Afrika ölkəsi olan Çad Fransadan bir ay ərzində öz hərbi bazalarını çıxarmaq haqqında tələb irəli sürüb. Fransa artıq bu ərazidən çıxmağa başlayıb. Belə bir situasiyada Rəsmi Paris və Makron hakimiyyəti böyük təlaş yaşayır. Ona görə də müxtəlif regionlarda fəallıq göstərmək cəhdləri ilə Fransanın hələ də böyük dövlət olduğu barədə rəy yaratmağa çalışır. Digər tərəfdən Tramp administrasiyası öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Ukrayna savaşı ilə bağlı situasiya tam şəkildə aydınlaşmağa başlayacaq. Çünki Tramp müharibənin dayandırılması ilə bağlı vədlər verib. Həmçinin bunu da yerinə yetirmək niyyətindədir. Bu baxımdan Fransanın Ukraynada sülhməramlı adı altında hərbi kontingent yerləşdirmək barədə ideyası bir qədər inandırıcı görünmür. Çünki sülh danışıqlarının şərtlərinin nədən ibarət olacağı təxmini bəllidir. Ukrayna ərazilərinin bir hissəsi Rusiyaya veriləcək. Qeyri-formal olaraq hazırkı cəbhə xətti yeni sərhəd xətti kimi qəbul olunacaq. Eyni zamanda Rusiyanın tələbləri sırasında Ukraynanın NATO-ya qəbul olunmaması, neytral ölkə olması ilə bağlı da tələblər mövcuddur".
Politoloqun sözlərinə görə, Tramp üçün əsas məsələ Ukraynanın ərazi itkiləri hesabına olsa da, bu müharibəni dayandırmaqdır:
"ABŞ istəyir ki, Ukraynanın təbii sərvətlərinin istismarı onların nəzarətinə keçsin. Üstəlik, Ukraynaya edilmiş maliyyə yardımlarının geri qaytarılması istiqamətində imkanlar qazanmağa çalışır. Fransanın da Ukraynada özünə pay axtarması tamamilə absurddur. Makronu bu prosesə buraxmayacaqlar. Yəni Rusiya Fransaya savaşın dayandırılması prosesində hər hansı formada imkan vermyəcək. Buna görə də Makron hakimiyyəti boşuna göstərilən cəhdlər təsirini bağışlayır. Tramp administrasiyası yanvarın 20-sindən sonra daha qəti addımlar atmağa başlayacaq. Bəzi məlumatlara görə, bu proses artıq səhnə arxasında davam edir. Rusiya ilə sövdələşmələrin mövcud olduğu haqqında xəbərlər var. Bir neçə gün öncə Parisdə Zelenski, Makron və Tramp arasında görüş keçirildi. Bu görüşdə ABŞ-ın yeni Prezidenti həm Zelenskiyə, həm də Makrona müharibəni özünün düşündüyü plan əsasında nizamlamaq niyyətində olduğunu bəyan etdi. Həmçinin Fransanın davranışları hətta sülh prosesinə müəyyən mənada çətinliklər törədə bilər. Bu halda da Trampın Makrona təzyiq göstərəcək".