AZ

Qaribaşvili xəstəxanaya yerləşdirildi

İddialara görə, Gürcüstanın keçmiş Baş naziri, indiki "Gürcü arzusu"nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə Tbilisidəki Amerikan xəstəxanasına yerləşdirilib.

Bu barədə məlumatı Gürcüstanın "Mtavari arxi" kanalı yayıb.

Məlumata əsasən, "Gürcü arzusu" partiyasında fiziki qarşıdurma olduğu barədə məlumatlar var. İrakli Qaribaşvilinin travmatologiya şöbəsində olması barədə dünən sözügedən telekanalın efirində Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də danışıb.

"Gürcü arzusu"nun sədri ilə bağlı məlumata hakim partiya münasibət bildirərək, keçmiş Baş nazirin hər hansı qarşıdurma səbəbindən deyil, idman zamanı aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.

Hakim partiya yayılan xəbəri dezinformasiya adlandıraraq ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırıb.

"Açığı, bu, növbəti dezinformasiya və ictimaiyyəti çaşdırmaq üçün cılız bir cəhddir. Daha doğrusu, "Gürcü arzusu"nun sədri məşq zamanı çiynindən zədə alıb və bir az da tibbi yardıma ehtiyacı olub. İrakli Qaribaşvili fəaliyyətini davam etdirir. Biz ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırırıq" - deyə "Gürcü arzusu"nun yaydığı məlumatda deyilir. /APA
 
 
 

Seçilən
41
14
7news.az

10Mənbələr