AZ

Bu trendi gecikmədən dayandırsınlar! - Müəllimlərə şirniyyat verilməsinə REAKSİYA

Bir neçə gündür sosial şəbəkə istifadəçiləri Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlər və orta məktəblərdə müəllimlərə edilən jestin videogörüntülərini yayırlar. Videogörüntülər tələbə və şagirdlərin müəllimlərə şokolad verdiyini əks etdirir. Ancaq müşahidələr göstərir ki, tələbə şagirdlər arasında trend hesab olunan bu aksiya birmənalı qarşılanmır. Bunu alqışlayanlar da var, qınayanlar da... 

Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi fərqli yanaşmanı təbii sayır:

“Könül istər ki, bu kimi hallar müəllim nüfuzuna xələl gətirməsin, yaxud ümumi görüntü baxımından ictimaiyyət tərəfindən mənfi qarşılanmasın. Bu hərəkətin ənənə halını alması və hər dəfə də çəkilib yayılması artıq xoşagəlməz vəziyyət yaradır. Texnologiya əsrində yaşayırıq, istənilən situasiyanı çəkib dərhal yaymaq olur. Nə xoş ki, yayımlanan belə bir situasiyadır. Auditoriyada tavada yemək bişirən, yaxud partanın üstündə oturan şagird yox, müəllimə şirniyayt verən şagirdlərin olması yaxşıdır. Ümid edirəm ki, bu şirinlik digər “şirinliyə” çevrilməyəcək. Müəllim tələbə münasibətlərində bu kimi halların sıxıntı yaratmayacağını düşünürəm”.

Ekspertin sözlərinə görə, kimsə bu trend üçün auditoriyadan tələb edə bilər:

“Bir neçə şəxs yazmışdı ki, bəzi müəllimlər valideynlərə bildiriblər ki, şagirdlər məktəbə şokolad gətirsinlər. Trendin bu formada olması vəziyyəti dəyişir. Ona görə də düşünürəm ki, bu trendi gec olmadan dayandırsalar, yaxşı olar. Eyni zamanda tamam fərqli trend formalaşdırıla bilər ki, şagirdlər müəllimə, yaxud müəllim şagirdlərə hədiyyə etsin. Bu daha yaxşı görüntü bəxş edər və insanların şüurunda daha yaxşı qalar”.

E.Əfəndi trendlə bağlı bəzi müəllimlərin cəzalandırılması iddialarına da münasibət bildirib:

“Açığı Elm və Təhsil Nazirliyinin bununla bağlı hansısa cəza tədbiri keçirəcəyini düşünmürəm. Sadəcə, müəyyən xəbərdarlıq edilə bilər ki, bu hal davamlı olmasın. Çünki bunun yayılması gələcəkdə müəyyən fəsad yarada bilər. Elə ailələr var ki, yalnız övladı üçün müəyyən xərc çəkmək imkanına malikdir. Sabah o uşaq niyə auditoriyada başqalarının yanında başıaşağı dayanmalıdır?! Bu amilləri də nəzərə almaq lazımdır. Ona görə də düşünürəm ki, nazirlik xəbərdarlıq edirsə lap yaxşı, amma müəllimin nüfuzuna xələl gətirəcək qərar qəbul olunacağına inanmıram. Çünki səmimi görüntülər var, amma bu səmimiyyətin də həddi var. Artıq o həddi aşmamaq lazımdır”.

Seçilən
42
23
modern.az

10Mənbələr