AZ

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il ötür. Azərbaycan ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi, bu dəfə də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - qazilər, hərbçilər, müxtəlif təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, müharibə və əmək veteranları və başqaları var idi. Çoxsaylı ziyarətçilər Ümummilli Liderin məzarı üzərinə gül dəstələri düzüb, işıqlı xatirəsi önündə baş əyiblər.

Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu Qarabağın erməni işğalından azad olunması, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası idi. Onun bu arzusu dörd il əvvəl həqiqətə çevrildi. Otuz il işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Hazırda Azərbaycanın dövlət Bayrağı Qarabağın hər bir guşəsində, o cümlədən Şuşada, Xankəndidə və digər işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir.

Müstəqil Azərbaycanın bütün uğurları, qazanılan hər bir zəfərimiz Ulu Öndərin ölməz ideyalarının təntənəsidir. Heydər Əliyev yolu Azərbaycanı daim irəli aparır.

Xalqımız öz xilaskarını, bütün həyatını doğma Vətəninin tərəqqisinə həsr etmiş Ümummilli Liderin xidmətlərini unutmur və unutmayacaq. Fəxri xiyabanda yaşanan izdiham bunu bir daha nümayiş etdirib.

X X X

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycanın bölgələrində, xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də anılıb, müxtəlif anım tədbirləri təşkil olunub.

Seçilən
26
2
sia.az

2Mənbələr