Qərbdəki bəzi qərəzli mərkəzlər “insan haqları”, “söz azadlığı” mövzuları ilə manipulyasiya edərək gizli, qanunsuz yollarla maliyyələşdirdikləri qeyri-hökumət təşkilatlarını, gecə-gündüz yalan tirajlayan media orqanlarını, ölkəmizdəki radikal müxalifət zümrəsinin “başbilənlərini” də yanlarına alaraq absurd iddialar, əsassız ittihamlarla Azərbaycanın üzərinə gəlirlər. Ermənipərəst dairələrin sifarişlərini yerinə yetirərək uzun illərdən bəri ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının, dağıdıcı, pozucu hərəkətlərinin nəticə vermədiyini görən bu qüvvələr son vaxtlar gebbelsvari üsullara (yalan tez-tez təkrarlansa getdikcə daha çox adam ona inanacaq) əl ataraq Azərbaycana qarşı apardıqları informasiya müharibəsini, necə deyərlər, yeni çalarlarla davam etdirirlər.
Qara niyyətlərini ağ yalanlarla süsləyən radikal müxalifət təmsilçilərindən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, sabiq “ReAL”çı Altay Göyüşov, Qənimət Zahid, Əfqan Muxtarlı, Arif Yunus kimilər “Osmanqızı tv”, “Azərbaycan saatı”, “Azad söz” kimi internet TV-lərdə insanlara kini, nifrəti təlqin edən, onları şiddətə, itaətsizliyə çağırmaqla öz mənəviyyatsızlıq bioqrafiyalarına hər gün yeni səhifələr yazırlar. Bütün dünyada, eləcə də ayrı-ayrı bölgələrdə və ölkələrdə xaosun, anarxiyanın, qarşıdurmaların hökm sürməsi üçün var gücü ilə çalışan dəccalların fitnəsinə uyan bu mənəviyyatsızlar sürüsü anti-Azərbaycan dairələrdən aldıqları direktivlər və tezislər əsasında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasını daha da gücləndirirlər.
Milli mənlik şüurunu, heysiyyatını itirən bu ünsürlər ABŞ Dövlət katibi Antoni Blinkenin 2024-cü ilin dekabrın 4-də ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq sisteminə müdaxilə məqsədli qərəzli bəyanatına haqq qazandırmaqla öz simalarını bir daha ortya qoyurlar. Bu günlərdə Əli Kərimlinin məsələ ilə bağlı sosial şəbəkə seqmentlərindəki cəfəngiyyat dolu yazısı bunun əyani təsdiqidir. AXCP sədri yazır: “Bu artıq yeni mərhələdir və düzgün addımdır. Bütün Qərb liderlərinin bu çağırışa qoşulmasını gözləyirik. Blinken Azərbaycan hökumətindən siyasi məhbusları azad etməsini tələb edir. ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanda Vətəndaş Cəmiyyəti və mediaya qarşı təzyiqlərin gücləndirilməsi ilə bağlı bəyanatla çıxış edib”.
“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, bir müddət əvvəl “Meydan TV”nin həbsdə olan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır. Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır”, ABŞ Dövlət katibinin mətbuat üçün bəyanatında deyilir”- Ə.Kərimli yazır.
Şübhəsiz, ABŞ Dövlət Departamentinə rəhbərlik etdiyi ötən dörd il ərzində Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə daim ikili standartlardan çıxış edən, ölkəmizin daxili işlərinə müdaxilə ilə məşğul olması üzündən ötən 4 ildə ABŞ-Azərbaycan münasibətlərinə zərər verən Antoni Blinkenin, eləcə də ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın qərəzli, əsassız ittihamlarının haradan qaynaqlandığı açıq-aşkar ortadadır. Qərbdəki məlum məkrli mərkəzlərin ölkəmizin əleyhinə səsləndirdikləri qərəzli, ədalətsiz bəyanatların, sanksiya hədələrinin arxasında hansı güclərin dayandığını da yaxşı bilirik. Həmçinin insan haqları, söz, ifadə azadlığı kimi məhfumların Qərbdəki qərəzli dairələrin əlində siyasi təzyiq vasitəsi olduğunu da unutmuruq.
O ki, qaldı “Meydan TV”yə bu “media orqanı” ilə bağlı aparılan hərtərəfli araşdırmalar nəticəsində bəlli olub ki, qurumun qanunsuz maliyyələşdirilməsində beynəlxalq çirkli pulların yuyulması mexanizmlərindən istifadə olunub. Aralarında erməni diaspor təşkilatları tərəfindən maliyyələşən fondların da olması istisna edilməyən donorlar tərəfindən ayrılan maliyyə vəsaitləri “Demokratiya Uğrunda Assosiasiya”nın hesablarına köçürüldükdən sonra qanunsuz pulyuma sxemləri əsasında “Meydan TV”nin maliyyələşdirilməsinə yönəldilib.
Bir nüansı da qeyd edək ki, fəaliyyət göstərdiyi müddətdə feyk xəbərləri, qərəzli məlumatları ilə tanınan, xarici məkrli dairələrin əlində alətə çevrilən “Meydan TV” ilə bağlı bu günlərdə mətbuatda hərtərəfli araşdırma aparıldığından məsələnin üzərində geniş dayanmırıq…
Zahid Rza, “İki sahil”