Budapeşt, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Macarıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin, Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Macarıstandakı Regional Ofisinin və Budapeşt şəhərindəki Azərbaycan Evinin nümayəndələri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri, səfirlik heyəti və mətbuat təmsilçiləri daxil olmaqla 50-ə qədər qonaq iştirak edib.
Tədbirin əvvəlində Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfir Tahir Tağızadə çıxış edərək dahi şəxsiyyətin müasir Azərbaycanın qurucusu olduğunu qeyd edib. Səfir Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün həm regional, həm də qlobal miqyasda əhəmiyyətli mövqeyə malik olduğunu vurğulayıb. Ötən ay Bakı şəhərində təşkil olunmuş COP29-u bunun bariz nümunəsi kimi təqdim edib. T.Tağızadə çıxışında, həmçinin Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Macarıstandakı müxbiri Vüqar Seyidov çıxışında Ümummilli Liderlə görüşmək imkanı əldə etdiyi vaxtlardan söhbət açıb. V.Seyidov çıxışında gənc nəsli Ulu Öndərin miras qoyduğu güclü, qalib Azərbaycanı qoruyub saxlamaq uğrunda çalışmağa səsləyib.
Çıxışların ardından Ulu Öndərə həsr edilmiş qısa film nümayiş olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt