AZ

Vətən üçün yaşayan igid

İkinci Qarabağ müharibəsində Vətən, xalq yolunda özünü şüurlu sürətdə odun-alovun içinə atıb son nəfəsə qədər düşmənə qarşı döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan bir də Mirzəhəsən Əlizadədir. Astara elinin igid oğlu cismən aramızdan getsə də, mənən milyonların ürəyində yaşayır. Bizə canı, qanı bahasına qələbə sevincini yaşadan şəhid Mirzəhəsən həmişə, hər yerdə böyük ehtiramla xatırlanır və qərinələr, əsrlər boyunca da belə olacaq. Ulduz ömrü yaşayan Vətən sevdalısının 32 yaşının tamamında Astara Pedaqoji Kollecinin bir qrup əməkdaşı şəhidin ailəsinə baş çəkdi, eləcə uyduğu müqəddəs yeri ziyarət etməklə oraya təzə gül çələngləri düzdülər. Çıxışlar zamanı kollecin “Maliyyə və informasiya” şöbəsinin müdiri, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə müəllim bildirildi ki, şəhidlik ən yüksək, şərəfli zirvədir. Adı dillərdə dastana dönən Mirzəhəsən kollecimizin məzunu olub. Bütün arzuları Vətənlə bağlı idi. Canına yağı dadanmış yurdumuzun taleyi onu çox narahat edirdi. Kökdən gələn qürur, saf əqidə, təmiz vicdan, doğma Azərbaycanın hər daşına, torpağına olan ilahi sevgi Mirzəhəsəni bu müqəddəs yola apardı. O, ömrünü Vətən üçün yaşamaqla ölməzlik qazandı. İndi böyük bir xalqın qürur yeri, iftixar mənbəyidir Mirzəhəsən. Onun keçdiyi həyat yolu Vətəni necə sevməyi, öz halal torpağı qorumağı öyrədən bir məktəbdir. Mirzəhəsən kimi qəhrəman övlad tərbiyə etdikləri üçün Şahin müəllimə, Kəsirə xanıma həmişə minnətdar olmalıyıq.

Azərbaycanın yeni, şanlı tarixinə adını yazan Mirzəhəsən Şahin oğlu Əlizadə 12 yanvar 1992-ci ildə Astaranın Səncərədi kəndində dünyaya göz açıb. Vətənpərvər, qeyrətli bir oğul kimi böyüyən Mirzəhəsən orta məktəbi başa vurub elə öz rayonunda fəaliyyət göstərən Pedaqoji Kollecin “Fiziki tərbiyə və İdman müəllimi” fakültəsində oxuyub. 2009-cu ildə ordu sıralarına yollananda əsas məqsədi yağı düşməndən qisas almaq olub. Cəbhə bölgəsində xidmət edən Mirzəhəsənin igidliyi, mərdliyi, dürüstlüyü onu əsgərlərin, zabitlərin sevimlisinə çevirib. Xidmət müddətini nümunəvi qaydada, üzüağ başa çatdırıb. Yağıdan alacağı öcə görə ömrünü hərbiyə bağlayıb.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Mirzəhəsənin arzuladığı məqam yetişib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın azadlığı uğrunda böyük rəşadət göstərib. Qəhrəman döyüşçü hər dəfə dığaların üstünə qartal tək şığıyıb, onlara ürəyincə qan qusdurub. Həmçinin yaralı əsgərləri ağır müharibə meydanından çiynində daşıyaraq çıxarmaqla onlara ikinci həyat verib. Mirzəhəsən Zəngilanda ayağından yara alıb. Qaldı ki, ağır vəziyyətdə də silahı əlindən yerə qoymayıb. Oktyabrın 20-də Vətən naminə ölüm-dirim savaşında şəhadətə qovuşub.

Özündən artıq sevdiyi doğma Azərbaycanın bütövlüyü naminə canından keçən Mirzəhəsən Əlizadə ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Qubadlının, Zəngilanın azadlığına görə medalları ilə təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
19
ikisahil.az

1Mənbələr