Rusiyada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi görkəmli dövlət xadimi kimi xatırlamağa davam edirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu RF xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Azərbaycan SSR-in rəhbəri kimi Heydər Əliyev respublikanı inamla quruculuq və tərəqqi yolu ilə aparıb. Bunun nəticəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilib.
"Şübhəsiz ki, Heydər Əliyeviç Sovet İttifaqının sosial-iqtisadi inkişafında böyük rol oynayıb. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində o, bir sıra mühüm istiqamətlərə rəhbərlik edib. Baykal-Amur magistralının tikintisi kimi irimiqyaslı infrastruktur layihəsini xüsusilə qeyd etmək lazımdır. Bu, həqiqətən əsrin layihəsi idi, bu magistral bu gün də təkcə Rusiya üçün deyil, bütün Avrasiya üçün ən vacib nəqliyyat arteriyasıdır", - M.Qaluzin bildirib.
Rusiyalı diplomat həmçinin qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri intensiv şəkildə inkişaf edir, ölkələr ən müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələr həyata keçirirlər. "Başa çatmaqda olan ildə Rusiyanı və İranın cənub limanlarını Azərbaycan üzərindən birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun inkişafı istiqamətində mühüm addımlar atılıb", - XİN başçısının müavini vurğulayıb.