AZ

Sığorta şirkətləri dəymiş ziyanı niyə tam ödəmir? - Əgər razılıq əldə olunmursa, onda...

Müasir dövrdə əmlak və sağlamlığın sığortalanması geniş yayılıb. Sığorta, zərəri qarşılamaqla şəxsin əvvəlki maliyyə vəziyyətini bərpa etməyi hədəfləyir. Lakin bəzən şirkətlər zərəri tam ödəmirlər.

Bəs bu zaman vətəndaşlar nə etməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sığorta eksperti Vüsal Kərimov bildirib ki, "İcbari Sığorta haqqında" qanunun 16-cı maddəsinə əsasən dəymiş zərərin qiymətləndirilməsi sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı şirkəti tərəfindən təmin edilməlidir:

"Sığortaçı şirkəti sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər".

Ekspert qeyd edib ki, əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Müsahibimiz bildirib ki, bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığorta şirkəti tərəfindən ödənilməlidir:

“Sığorta şirkəti sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır".

Vüsal Kərimov, sığorta eksperti

V.Kərimovun sözlərinə görə, müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 iş günü ərzində sığorta şirkəti tərəfindən təyin edilir.Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir.Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Birinci dəfə zərərin qiymətləndirilməsinə çəkilən xərc sığorta şirkəti tərəfindən bu qiymətləndirmədən sığortalı və ya sığortaçı razı olmadıqda təkrar keçirilən qiymətləndirməyə çəkilən xərc isə sığorta şirkəti tərəfindən deyil onların özləri tərəfindən ödənilməlidir.

Həmsöhbətimiz onu da qeyd edib ki, qiymətləndirmədə razılıq əldə etmədikdə zərər qanunvericilikdə göstərilmiş məbləğı keçmirsə vətəndaş yəni sığortalı və ya sığorta olunan əgər söhbət avtomobildən gedirsə avtomobilini sığorta şirkətinin təyin etdiyi servisdə təmir etdirə bilər. Əgər həmin servisin gördüyü işi qəbul edirsə qalan digər hallarda qanunvericiliyə əsasən yuxarıda qeyd etdiyim formada tənzimlənilir.

“Yekun olaraq əgər sığorta şirkəti ilə sığortalı və ya sığorta olunan təkrar qiymətləndirmədə də, razılıq əldə edə bilmirlərsə məsələ artıq məhkəmə müstəvisində baxılmalıdır. Bu halda vətəndaş (sığortalı və ya sığorta olunan) həmin qiymətləndirmə aktlarını məhkəməyə təqdim etməlidir”, - deyə Vüsal Kərimov vurğulayıb.

Nuriyyə Musayeva

Seçilən
21
bakivaxti.az

1Mənbələr