Bakı, TurkicWorld
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı “Yaşıl həyat” layihəsi keçirilib.
Bu barədə TurkicWorld-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.
“Yaşıl Həyat” layihəsi gənclərin ətraf mühitin qorunması və dayanıqlı inkişafla bağlı maarifləndirilməsini hədəfləyib. Layihə çərçivəsində ekoloji problemlərə diqqət çəkərək, gənclərin bu sahədə fəallığının artırılması məqsəd qoyulub.
Layihə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi Aynurə Salmanlı Ələkbərlinin çıxışı ilə başlayıb. Forum formatında keçirilən tədbirin 1-ci hissəsində müxtəlif spikerlərin çıxışları yer alıb. Tədbirin spikerləri arasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının sədri Amin Məmmədov da yer alıb. Çıxışlarda müasir ekoloji problemlər, onların həlli yolları və gənclərin bu prosesdəki rolu müzakirə olunub.
Daha sonra iştirakçılar komandalara bölünərək qrup işləri həyata keçiriblər. Komanda fəaliyyəti zamanı gənclər ekoloji problemlərin həlli istiqamətində yaradıcı yanaşmalar irəli sürüb və kollektiv şəkildə müxtəlif problemlərə praktiki həll yolları axtarıblar.
“Yaşıl Həyat” layihəsi həm ekoloji maarifləndirməni artırmaq, həm də gənclərin kollektiv işləmə bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə gəncləri ətraf mühitin qorunması sahəsində fəal iştirak etməyə və gələcək nəsillər üçün daha sağlam və yaşıl bir dünya qurmağa təşviq edib.