Bu il dekabrın 1-nə Azərbaycanda 1 590 659 vergi ödəyicisi olub.
İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 5,5 % çoxdur.
Vergi ödəyicilərinin 87,1 %-i fiziki şəxslər, 12,9 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. 1 il əvvələ nisbətən fiziki şəxslərin sayı 5,3 %, hüquqi şəxslərin sayı 7,2 % artıb.
Noyabrın sonuna ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 188 877 vahid təşkil edib və illik müqayisədə 7,9 % artıb.
Təkcə bu ilin yanvar-noyabr aylarında 12 907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 %-i yerli, 10,8 %-i xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 % təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10 713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8 677-si “ASAN İmza” ilə, 1 995-i “FİN kod + mobil nömrə” üsulu ilə, 41-i isə “SİMA” rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Dekabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 %-i MMC, 1,2 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.
Noyabrın sonuna dövlət qeydiyyatında olan 123 682 kommersiya qurumunun vəziyyəti aktiv olub. Bu, 1 il əvvələ nisbətən 10,9 % çoxdur.