AZ

“DEVALVASİYA QAÇILMAZDIR, MÜTLƏQ OLACAQ...” - “Dövlətin bu öhdəliyini ailə institutu öz üzərinə götürüb”

Natiq Cəfərli: “Bu gün korrupsiya Azərbaycanda sosial gərginliyin azalmasına kömək edir…”

“AzPolitika”-nın ReAL Partiyası Siyasi komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli ilə müsahibəsinin ikinci hissəsində ölkədəki sosial-iqtisadi problemlər, onların səbəbləri, çıxış yolları, 2025-ci il büdcəsindən gözləntilər müzakirə olunub.

Müsahibəni təqdim edirik:

- Milli Məclisdə büdcə müzakirələri davam edir, artıq büdcə birinci oxunuşdan keçib. Ümumilikdə 38,3 milyard gəlir, 41,3 milyard isə xərc proqnozlaşdırılır. Bir iqtisadçı kimi bu büdcəni nə qədər real hesab edirsiniz?

- Təəssüf ki, bizim alternativ hesablama mənbələrimiz yoxdur. Məsələn, başqa ölkələrin büdcələri müzakirə olunanda maraqla izləyirik. Bizim ölkədə zatən başqa ölkələrdəki seçkilər də, digər hadisələr də maraqla izlənilir, ölkə daxilindən fərqli olaraq… Orada alternativ hesabatlar olur. Məsələn, Türkiyədə müxalifət yəni, CHP ayrıca bir büdcə layihəsi hazırlayır və orada illərdir belə bir praktika var. Bundan əlavə, TÜSİAD və Həmkarlar İttifaqı da ayrı bir büdcə təqdim edir. Bizdə belə bir təcrübə yoxdur. Bizə “nə verirlər, onu da yeyirik”. Göstərdikləri büdcə də budur. Bizim alternativ hesablama imkanlarımız və fürsətlərimiz də yoxdur.

- Bəs iqtisadiyyatın durumuna baxsaq, hökumətin büdcə proqnozunu necə qiymətləndirmək olar?

- İqtisadi baxımdan real rəqəmlərə bənzəyir. Niyə? Ona görə ki, iqtisadiyyatı ağardıblar. Bunlar ağarmanı iqtisadi uğur kimi təqdim edirlər. Halbuki bu, iqtisadi uğur deyil, vətəndaşın, biznesin çiyninə qoyulmuş əlavə yükdür. Mən demirəm hamı boz zonada işləsin. Ancaq boz zonadan ağ zonaya çıxmaq bir tək dəyənəklə, cəzalarla olmur. Bunun təşviq ayaqları da olmalıdır. Bizdə təşviq ayaqları olmadı. Pandemiya insanları kartla ödənişə öyrətdi. Baxın ticarət dövriyyəsindən gələn vergilərə... Həmin insanıq, həmin qədər yemək yeyir, paltar geyinirik. Amma 5-8 il bundan əvvəlki ticarət dövriyyəsinin həcmi ilə indikində fərq var. Ticarət dövriyyəsi artıb. Dövriyyə artdıqca ƏDV, vergi, büdcə daxilolmaları da artır. Nəyin hesabına? İnsanlar daha çoxmu istehlak edir? Xeyr…

- İqtisadiyyatın da böyümə dinamikası aşağıdır…

- Bəli. Son illərdə ÜDM artım tempi sıfıra yaxın idi. Çünki formal bir faiz deyirlər. Bir-üç faiz böyümə ümumiyyətlə, böyümə sayılmır. Deməli, nə baş verib? Leqallaşma. Daha çox kartla ödəyirik. Daha çox kartla ödəyəndə də dövriyyə artır. Dövriyyə artanda vergi daxilolmaları da artır. Məsələn, “qeyri-neft sektorunun artımı olub” deyirlər, baxısran ki, ticarətdir. Belə qeyri-neft sektoru olur? Aldıqlarımız Azərbaycan istehsalı olsaydı, yenə dərd yarı idi. Hamısı ixrac mallarıdır. Biz beş manat ödəyəndə xarici maliyyələşdiririk, çünki həmin beş manat gedir xaricə. Sonra da hökumət üzvləri oturub ağıllı sifət alaraq deyirlər ki, “valyutaya tələbat niyə artır?” Artmalıdır da, sən heç nə istehsal etmirsən, hər şeyi xaricdən alırsansa, tələbat da artacaq. Yəni, rəqəmlərdə mən problem görmürəm. Problem xərclərin şəffaflığında və istiqamətindədir.

- Yeri gəlmişkən, maliyyə naziri demişdi ki, bu ilki kimi xərcli büdcə olmayıb. Bu nə deməkdir?

- Yəni, bu qədər xərcli büdcə olmamışdı. Mən onu deməyə çalışıram ki, həm xərclərin həcmi artıb, həm də istiqamətlər artıb, yeni istiqamət yaranıb. Məsələn, Qarabağ. 19 milyard xərcləmişdik, 4 milyard da gələn il üzərinə gələcək, olacaq 23 milyard manat. Əslində, 23 milyardlıq həcm iqtisadiyyatda böyük bir dalğa yaratmalı idi. Yarada bilmədi. Çünki oradakı tikinti işlərini əsasən xarici şirkətlər aparır. Bizimkilər subpodrat işləyir, qaymağı xaricilər götürürlər. Tikintilərdə istifadə olunan xammal və materialların da hamısı xaricdən gətirilir. Çox sadə izah etsək, siz A şirkətinə və yaxud da dövlət qurumuna pul ayırırsınız, deyirsiniz 10 manata bu yolu tik. O da deyir ki, bu yolu tikməyə iki ədəd buldozer lazımdır. Azərbaycan buldozer istehsal edir? Xeyr. Bu zaman tutalım ki, elə 10 manatın üç manatını göndərir xaricə, iki dənə buldozer alır gətirir, başlayır işləməyə. İnfrastruktur, ümumiyyətlə, birbaşa gəlir gətirmir, əlavə dəyər yaratmır. Dolayı yolla yaradır. O da niyə? İnfrastrukturu yaxşı qurursan, sonra iqtisadi azadlıqlar olur, biznes inkişaf edir, məsafələr, zaman qısalır və bu, ticarətin və iqtisadiyyatın dövriyyəsini artırır, əlavə dəyər yaradır.

- Gələn il 14 milyard manatdan artıq vergi yığılacaq. Sahibkarların vergi və digər qurumlar tərəfindən sıxışdırılması onlara problemlər yaratdığına dair şikayətlər var. Bu tendensiya vergi yığımındakı proqnoza maneə ola bilərmi?

- Vergi yığımının tərkibinə baxanda görürük ki, ƏDV birinci yerdədir. Bizdə çox qəribədir ki, adı Əlavə Dəyər Vergisidir, amma onu gömrük də yığır. Özü də az deyil. Onun 4 milyarda yaxınını elə gömrük yığacaq. Hər yerdə ƏDV hesablanır. İnsanları da öyrəşdirdilər “ƏDV geri al” proqramına. İndi hamı kartla alış-veriş edir. Açığı yaxşı proqramdır. Hələ tətbiq olunmamışdan əvvəl mən bunu təşviq eləmişəm, dəfələrlə danışmışam. Verginin büdcə öhdəliyində ikinci böyük hissə neft şirkətlərindən toplanan vergidir. Təxminən 20 faizə yaxını neft şirkətlərindən toplanır.

- Bu, büdcədə qeyri-neft gəliri kimi göstərilir?

- Əlbəttə. Bizdə təsnifat dəyişib. Hətta ixracatın da təsnifatı dəyişib. Məsələn, elektrik enerjisi qeyri-neft sektoru sayılır. -Amma istilik enerjisi mazutdan alınır. Yaxud da neftdən, qazdan alınan bəzi materiallar var – bitum kimi və s. Onlar da qeyri-neft sektoru sayılır.

- Gələn ilin büdcəsində neftin qiyməti 70 dollardan götürülüb. Bu nə qədər realdır?

- Azərbaycanda ən böyük problem elə hasilatın aşağı düşməsidir. Bunu sabitləşdirmək, bir platoya çıxartmaq mümkün olmur. Məndə olan məlumata görə, hökumət heç olmasa 500 min barrel satış həcmi yaratmaq istəyir.

- 480 minə düşmüşdü…

- Bəli. İndi hasilatı 500 min barrelə çatdırıb, orada sabitləşdirmək istəyirlər. “BP” və “Total”la danışıqlar gedir. Hasilatı sabitləşdirmək üçün yeni, müasir platforma göndərilib. Buna plato deyirlər. O platoya çıxıb hasilatı sabitləşdirmək istəyirlər. Alınacaq, alınmayacaq, bilmirəm. Amma hər halda vaxtilə neft hasilatı 1 milyon barrel idi. İndi yarıba-yarı azalma var. Qiymət məsələsinə gəldikdə, Azərbaycan hökuməti uzun illərdir - 2005-ci ildən sonra 20 ilə yaxındır ki, bu məsələyə çox konservativ yanaşırdı. Büdcədə neftin qiymətini aşağı götürürdü, hesablamaları da konservativ yanaşma ilə aparırdı. Hər il may ayının sonunda parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı yeni qanun layihəsi gəlirdi. Neftdən gələn gəlirlər artdıqca, onun həm xərc, həm də gəlir hissəsinə əlavələr edilirdi. Primitiv də olsa, işlək bir mexanizmi idi. İndi ilk dəfədir ki, konservativ yanaşmadan tam imtina etdilər. Çünki neftin qiymətini 70 dollardan götürmədən büdcə parametrlərini indiki səviyyəyə çatdırmaq mümkün deyil. Bu zaman proqnoz gəlirlər, konserv olunmuş büdcə aşağı düşəcəkdi. Bilirsiniz ki, Neft Fondunun büdcəsisı ayrıca qəbul olunur. İndi üzümüzə gələn il nə baş verə bilər? Yenə də may, iyun aylarında büdcəyə dəyişikliklər görə bilərik, amma bu dəfə azalma yönündə…

- Neft Fondundan transfertlər azala bilər?

- Əksinə. Fondun gəlir hissəsinə əl gəzdirə bilərlər. Çünki neft şirkətlərinin gəliri aşağı düşsə, gəlir vergisi azalacaq. Üç milyard verməli idilərsə, 1 milyard verəcəklər. Bir şeyi də demək lazımdır ki, neftin qiymətinin günlük hesablanması doğru deyil. Aylıq, rüblük, yarımillik və illik ortalama qiymət çıxarılır. Əgər ortalama qiymət may ayına qədər 60 və ya aşağı olarsa, belə bir ehtimal var, o zaman risk marjası aradan qalxa bilər. Hazrda neftin üzərində 10 dollarlıq risk marjası var. Bu gün məsələn, neft 72 dollardırsa, onun 10 dolları risklərə görədir. O aradan qalxsa, İranla anlaşma olsa, Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdə atəşkəs olsa, Amerika da hasilatI artırsa, o zaman iyun ayında yenidən yığışacaqlar və büdcənin neftdən gələn gəlir hissəsini azaldacaqlar. Bu zaman büdcədə boşluq yaranacaq və Neft Fondundan daha çox vəsaitin transfer olunmasına qərar veriləcək.

Seçilən
38
2
azpolitika.info

3Mənbələr