AZ

Putin Əsədin milyardlarına əl qoyacaq - Moskvaya sığınmanın ağır hesabı

Suriyada noyabrın 27-də Bəşər Əsəd rejiminə qarşı başlanan hərbi üsyan dekabrın 8-də Dəməşqin alınması və rejimin devrilməsi ilə başa çatdı. Bununla da ölkədə 61 illik Bəəs rejimi və 54 illik Əsəd sülaləsi dövrü sona çatdı. Əsədin elə həmin gün ölkədən qaçdığı xəbərləri yayıldı və dekabrın 9-da Rusiya rəsmiləri onun Moskvada olduğunu təsdiqlədilər. 

“Boomberg” agentliyi isə Əsədin Rusiya kəşfiyyatçıları vasitəsilə Suriyadan gizli şəkildə qaçırıldığı barədə məlumat yaydı. Əslində Suriyada Əsəd rejiminə qarşı inqilab 2011-ci ildə başladı və bütün ölkəni bürüyən xaos Bəşər Əsədin hakimiyyətinə son qoya bilmədi. Hələ o zaman Əsəd Rusiyadan hakimiyyətini qorumaq üçün yardım istədi və Moskvanın köməyi ilə o, bir neçə il Suriyada prezident kimi fəaliyyətini davam etdirə bildi. Bu məsələdə İran da Əsədə yardımçı olub. Çünki İran Suriya üzərindən Yaxın Şərqdəki proksi qüvvələrinə silahlar ötürürdü. Suriyada başlanan inqilablardan sonra ölkə parçalanmağa başladı və bir sıra silahlı qruplaşmalar meydana çıxdı. Burada əsas söz sahibi olan ölkələr isə Rusiya, ABŞ, Türkiyə, İsrail və İran idi. Ancaq noyabrın 27-də başlanan silahlı üsyanda ən çox Türkiyə faktoru qabardılır. Xarici mənbələr müxalif qüvvələrin Ankara ilə gizli şəkildə anlaşdığını iddia edirlər. Ancaq Türkiyənin burada əsas faktor kimi rol oynamasına baxmayaraq, çox ehtimal ki, Rusiyanın da Əsədin devrilməsində müəyyən maraqları olub. 

Rusiyanın Ukraynada apardığı müharibə səbəbindən Suriyada Əsəd rejimini sonuna kimi qoruya bilməyəcəyi aydın idi. Rusiya Suriyada olan hərbi bazaları üçün hər il böyük vəsait xərcləyirdi ki, bu isə iqtisadi vəziyyəti ürəkaçan olmayan Moskva üçün əlavə yük idi. Əsəd üçün iki ölkəyə qaçmaq imkanı vardı Rusiya və İran. Tehran bir neçə ay öncə HƏMAS-ın qətlə yetirilən sabiq rəhbəri İsmayıl Haniyyənin sui-qəsdindən sonra təhlükəsizlik baxımından ciddi rol oynamırdı. Çox ehtimal ki, Əsəd də bu amili də nəzərə alaraq, Rusiyaya qaçmağa üstünlük verib. Hətta bir neçə gün öncə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etdi ki, Rusiya Bəşər Əsədi ekstradisiya etməyəcək. Əslində Əsədin Rusiyaya qaçırılmasında Moskva daha çox maraqlı idi. Çünki hazırda iqtisadi durumu ağır olan Rusiyaya əlavə maliyyə vəsaitləri lazımdır. 

Xarici mətbuatda yayılan məlumatlara görə, Əsəd Suriyadan 135 milyard dollarla Moskvaya qaçıb. Çox ehtimal ki, Rusiya ona sığınacaq vermək və təhlükəsizliyini təmin etmək müqabilində Əsədin oğurladığı pulların böyük bir qisminə əl qoyacaq. Bu isə Rusiyaya hazırda hava və su kimi lazımdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
33
missiya.az

10Mənbələr