AZ

Bakıda yenə "partapart" başlayacaq: Pirotexniki məhsulların satışı qadağandır, ya yox?

Qarşıdan Yeni il bayramı gəlir,  bir neçə gün sonra şəhərdə "partapart" başlayacaq. Haradasa ev yanacaq, hansısa uşağın əlində partlayacaq, kimi gözündən, kimi üzündən yaralanacaq. Yenə yeniyetmələr uşaqların ayağının altına partladan atacaqlar. 

Hər il bu ərəfədə minlərlə bağlama pirotexniki vasitə sərhəddə aşkarlanaraq götürülür. Gömrük orqanları qanunsuz dövriyyənin qarşısını almaq üçün tədbirlər görürlər. Lakin hamıya məlumdur ki, pirotexnik vasitələr ölkəyə gətirilir və satılır. Çünki pirotexniki vasitələrin qanuni dövriyyəsi də var və rəsmi qurumlardan icazə almaqla ölkəyə bu malları idxal etmək mümkündür. 

Daxili İşlər Nazirliyi hər il pirotexniki məhsulların gizli satışı ilə məşğul olanlar barədə tədbirlər görür. Ancaq bunun mənbəyi bitmir ki, bitmir...Elə bu gün Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.
Pirotexniki vasitələrin ölkəyə gətirilməsinə məsul iki qurum -   Dövlət Gömrük Komitəsi və FHN-dir. İcazə verən FHN, nəzarət isə Gömrük Komitəsinindir. Yəni, birbaşa onların səlahiyyətindədir. Onların rəyi və icazəsi olmasa partlayıcıları ölkəyə başqa cür gətirmək mümkün deyil. Burada əsas vəzifə Gömrük Komitəsinin üzərinə düşür. 

Cəmiyyətdə belə sual yaranır. Pirotexniki vasitələr xüsusi icazə ilə gətirilə bilirsə, deməli satışı da leqaldır. Bəs hansı hallarda satışı qadağan edilir? Burada problem pirotexniki məhsuldur, yoxsa idxal üçün alınmalı olan icazə? Baş verən neqativ hallara görə, məsuliyyəti kim daşıyır?

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov Sitat.info-ya açıqlama verib.


Bildirib ki, xüsusi icazə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir:
"Eyni zamanda, sözügedən Siyahının 1-ci qeydinə əsasən pirotexniki vasitələrin idxalı Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilir".

N.Axundov bildirib ki, pirotexniki vasitələri qanuni yola gətirmək üçün bu malları  idxal etmək istəyən şəxs tərəfindən qeyd olunan sənədlərin gömrük bəyannaməsi ilə birgə gömrük orqanlarına təqdim edilməsi tələb edilir. 

Bəs, bu vasitələr ölkə ərazisinə qanunsuz necə daxil olur?  Gömrüyün gözündən necə yayınır? 
Komitə sözçüsü bildirib ki, gömrük orqanları pirotexniki vasitələrin qeyri-qanuni yollarla ölkəyə gətirilməsinin qarşısını almaq üçün ardıcıl və təsirli tədbirlər həyata keçirir: "Bu məqsədlə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük idarələrinin hər biri yeni, müasir texniki nəzarət vasitələri ilə, habelə iri qabaritli yüklərin yoxlanılması üçün ən qabaqcıl yoxlama-baxış sistemləri ilə və digər avadanlıqlarla təchiz olunub. Gömrük buraxılış məntəqələrində nəqliyyat vasitələri və yüklər texniki nəzarət vasitələri və kinoloji itlər vasitəsilə yoxlanılır, risklərin analizi və qabaqcıl texnologiyaların tətbiqi, həmçinin əməliyyat-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələrin gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi cəhdləri vaxtında aşkarlanır. Belə ki, son 3 il ərzində gömrük orqanları tərəfindən 1 165 846 ədəd pirotexniki vasitənin qanunsuz yollarla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb, bu əməlləri törədən şəxslər barəsində cinayət və inzibati məsuliyyət tədbirləri həyata keçirilib".

Məğrur Salmanov,

Sitat.info

Seçilən
30
1
sitat.info

2Mənbələr