AZ

Günay Əfəndiyeva: “Azərbaycan Avropa və Asiya arasında enerji qovşağı kimi çıxış edir”

“XX əsrin əvvəllərində demokratik respublikamızın cəmi 23 ay çəkən ilk müstəqil diplomatik fəaliyyətindən yalnız 70 il keçdikdən sonra Azərbaycan bu fəaliyyəti demək olar ki, sıfırdan başlayaraq davam etdirdi. Ancaq XX əsrin sonlarında dünya xəritəsi tamam dəyişmiş, dünya siyasəti daha artıq mürəkkəbləşmiş, böyük dövlətlərin ikili standartları, əgər belə demək olarsa, beynəlxalq aləmdə daha artıq bir riyakarlıq və iki üzlülük yaratmışdır.

Belə bir şəraitdə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Ulu Öndər həmin ikili standartlara qarşı elə bir diplomatik fəaliyyətin əsasını qoydu ki, Azərbaycan müstəqilliyini, bağımsızılığını qoruya bildi, dünya birliyində nəinki öz yerini tutdu, bu yeri möhkəmlətdi, nüfuzlu və möhkəm etdi.”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı Mədəniyyət komitəsinin sədr müavini, millətvəkili Günay Əfəndiyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Ermənistan tərəfindən vəhşi bir təcavüzə məruz qaldığı halda ikili standartlar bizi təcavüzkar kimi qələmə verməyə başladı və biz bütün bunları yaxşı bilirik. O, vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın diplomatik ənənələrini qüdrətli bir ordu quruculuğu ilə bərabər daha da inkişaf etdirdi. Nəhayətində, tarixi bir Zəfər əldə olundu.

Millət vəkili Qarabağ Zəfərinin eyni zamanda diplomatik bir Zəfər olmasına diqqət çəkərək, qeyd edib: “Məhz bu diplomatik bacarıq və hərbi hünər, məhz bu lider cəsarəti və səriştəsi Birləşmiş Millətlər Təşkilatının 30 il bir tərəfdə yatıb qalmış Qarabağla bağlı qətnamələrini yerinə yetirdi.

Belə bir diplomatik fəaliyyət nəticəsində Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Yaxud Qoşulmama Hərəkatına sədrlik etdi. Və son 15 ildə bu cür böyük siyasi diplomatik faktların sayı çoxdur, həm də qürurvericidir ”.

Günay Əfəndiyeva COP29-u dünyamiqyaslı, bəşəri əhəmiyyətli böyük diplomatik hadisə kimi xüsusi qeyd edərək, bildirib: “Həmin ikili standartların açıq aydın düşmənçilik cəhdlərinə baxmayaraq COP29-un Bakıda keçirilməsi təşkilatçılığı baxımından da son dərəcə, bəşəri baxımdan olduqca aktual, məzmunu baxımından da Azərbaycanı dünya birliyinə özü öz taleyinin sahibi olan müstəqil bir respublika kimi siyasi ictimai diqqət mərkəzinə çevirdi.”

Deputat ölkəmizin mədəniyyət sahəsində diplomatik uğurlarından bəhs edərək, vurğulayıb: “Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə Azərbaycanın neçə-neçə maddi-mədəni, mənəvi irs nümunələri YUNESKO siyahılarına qəbul olunmuş və dünya miqyasında tanınmışdır”.

“Şübhə etmirəm ki, “Diplomatik xidmət haqqında” qanunun qəbul edilməsi diplomatik xidmətin əsas vəzifələrinin, yəni Dövlətin beynəlxalq arenada maraqlarının təmsil edilməsi, beynəlxalq müqavilələrin bağlanması və onların icrasına nəzarətin,  vətəndaşlarımızın xaricdə hüquqlarının qorunması, investisiyaların cəlb edilməsi və bir sıra başqa vəzifələrin yerinə yetirilməsi sahəsində əhəmiyyətli rol oynayacaq, qanunvericilik bazası daha da aydınlaşacaqdır”, – deyə Günay Əfəndiyeva qeyd edib.

Deputat Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə və coğrafiyada yerləşməsinə diqqət çəkərək, bildirib: “Azərbaycan Avropa və Asiya arasında enerji qovşağı kimi çıxış edir. “Şərq-Qərb” nəqliyyat dəhlizi və “Cənub Qaz Dəhlizi” kimi iri beynəlxalq layihələrin əsas iştirakçılarındandır. Bu baxımdan da diplomatik fəaliyyətin tənzimlənməsi üçün hüquqi bazanın yaradılması zərurət doğurur.

Beləliklə, bu qanun layihəsinin qəbul edilməsi düşünürəm ki, institusional bazanı gücləndirməklə, diplomatik xidmətin strukturunu və funksiyalarını formalaşdıracaq, diplomatlarımızın fəaliyyətlərini daha mükəmməlləşdirəcəkdir”.

Seçilən
8
2
xalqqazeti.az

3Mənbələr