AZ

İlham Məhərrəmov: Los Ancelesdə keçiriləcək paralimpiya oyunlarına boccia üzrə ən azı üç lisenziya qazanacağımızı gözləyirik

Bakı, 13 dekabr, AZƏRTAC

On ilə yaxındır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi, Milli Paralimpiya Komitəsi, "Seni" şirkətinin tərəfdaşlığı ilə hər il boccia idman növü üzrə Azərbaycan çempionatını keçirilir. İlkin mərhələdə başlayanda 5-6 nəfər var idisə, hazırda idmançıların sayı 100-dən çoxdur. Hər bir yarışdan sonra milli komanda yenilənir. Həmçinin ucqar rayonlardan belə yarışa qoşulanlar var.

AZƏRTAC xəbər verir ki, bunu Boccia İdman Federasiyasının vitse-prezidenti, Milli Paralimpiya Komitəsində boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. İ.Məhərrəmov bildirib ki, boccia idman növü 1984-cü ildə Amerikada keçirilən paralimpiya oyunlarına daxil edilib: "Beynəlxalq təşkilatımız İngiltərədədir. Yarışlar beynəlxalq qaydalara uyğun - BISFed qaydalarına uyğun yarışlar keçirilir, qaliblər milli komandaya dəvət olunur və xarici ölkələrdə keçirilən turnirdə Azərbaycanı təmsil edirlər. 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə yaradılan federasiya qısa müddətdə beynəlxalq yarışlardan 12 qızıl, 4 gümüş, 7 bürünc medal əldə edib. Komandanın üzvü Sona Ağayeva dünyada ikinci idmançıdır. 2028-ci ildə Los Ancelesdə keçiriləcək paralimpiya oyunlarına ən azı üç lisenziya qazanacağımızı gözləyirik. Bu cür tədbirlərin təşkilində əsas məqsəd əlilliyi olan vətəndaşları cəmiyyətə inteqrasiya etmək və onların özlərini tapmalarına dəstək göstərməkdir. Həmin şəxslər idman yarışlarında uğur qazananda, üçrəngli bayrağımızı yüksəldəndə qürurlanır və Vətənə lazım olduqlarını anlayırlar".

 

Seçilən
31
2
azertag.az

3Mənbələr