AZ

Qərbi Azərbaycan konsepsiyası Qlobal forum üzvlərinə paylandı...

Image

Faiq Ələkbərli: “Qayıdış Konsepsiyasının 7 dilə tərcümə edilərək IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilməsi soydaşlarımızın öz tarixi yurdlarına qayıtmasının təmin edilməsi üçün zəmin yaradır” 

Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyası UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilib. 

Qərbi Azərbaycan İcmasından mətbuata verilən məlumata görə, dekabrın 9-11-də İspaniyanın Barselona şəhərində UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda Azərbaycanı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı təmsil edib.
Məlahət İbrahimqızı “Qadın Liderliyi: Gender əsaslı dayanıqlı cəmiyyətlər naminə” adlı sessiyada “Dayanıqlı və tolerant cəmiyyətlər naminə qaçqın qadınların səlahiyyətləndirilməsi” mövzusunda çıxış edib. Deputat sessiya iştirakçılarına 1987-1991-ci illərdə Ermənistandan öz tarixi yurdlarından deportasiya edilmiş üç yüz min azərbaycanlıya, eləcə də qaçqın Azərbaycan qadınlarına beynəlxalq təşkilatlar tərəfindən bugünə qədər laqeyd münasibət göstərildiyini vurğulayıb.
M.İbrahimqızı Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışının vacibliyini vurğulayaraq, qaçqın qadınların reinteqrasiya hüququ haqqında maarifləndirilməsinin, xüsusilə Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının həyata keçirilməsində UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığına böyük ehtiyacın olduğunu bildirib.
İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Forum çərçivəsində deputat Məlahət İbrahimqızı, UNESCO-nun yüksək vəzifəli rəsmiləri də daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirib və onlara Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyasını təqdim edib.

“İcmanın UNESCO çərçivəsində atdığı bu addıma beynəlxalq aləm etinasız qalmamalı və hərəkətə keçməlidir”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq platformalarda təqdimatı olduqca müsbət haldır. F.Ələkbərli qeyd etdi ki, son dövrlər ardıcıl olaraq bu barədə dünya ictimaiyyətinin, beynəlxalq qurumların məlumatlandırılması istiqamətində məqsədyönlü işlər aparılır və Qərbi azərbaycanlıların ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıdışı üçün beynəlxalq əsaslar hazırlanır. “Ümumiyyətlə, Qərbi Azərbaycan bizim üçün prioritet məsələlərdən biridir. Ora Azərbaycan türklərinin torpaqlarının bir hissəsidir, çox önəmli bir parçasıdır. Bu baxımdan, soydaşlarımız öz ata-baba yurdları olan Qərbi Azərbaycan ərazisinə qayıdacaqlar. Bu istiqamətdə icmanın gördüyü məqsədyönlü işlər təqdirəlayiqdir. Xüsusən də Qayıdış Konsepsiyasının hazırlanması və UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilməsi, özü də bunun 7 dildə olması çox yaxşıdır. Bu o deməkdir ki, bu konsepsiyanın mahiyyəti bu dillər vasitəsilə dünya birliyinə çatdırılır. 

Qayıdış Konsepsiyasının 7 dilə tərcümə edilərək IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilməsi soydaşlarımızın öz tarixi yurdlarına qayıtmasının təmin edilməsi üçün zəmin yaradır”.

F.Ələkbərli vurğuladı ki, onların qayıdışı üçün rəsmi Bakı və QAİ bütün vasitələrdən istifadə edir, etməlidir də. Müsahibimizin sözlərinə görə, çünki Qərbi Azərbaycan torpaqları bizim üçün milli, mədəni, tarixi, coğrafi əhəmiyyətə malikdir və biz kökümüzlə o ərazilərə bağlıyıq. “Gələcəkdə o ərazilərin eyni zamanda rəsmən Azərbaycanın bir hissəsi olması məsələsi də ola bilər və olmalıdır da. Amma indiki şəraitdə əsas məqsəd vaxtilə Ermənistan dövləti tərəfindən zorakılıqla qovulan, deportasiya edilən azərbaycanlıların geri qayıdışının təmin edilməsinə nail olmaqdır. Bu onların hüququdur. Onlar ora qayıdıb öz milli haqq və hüquqlarından istifadə etməlidir. Azərbaycanlıların öz yurdlarına qayıtması beynəlxalq hüquqla tənzimlənməlidir, dünya onların qayıdış hüququnu tanımalıdır. Qərbi Azərbaycanla bağlı atılan bütün addımlar bizi bir addım da tarixi torpaqlarımıza yaxınlaşdırır. 

Düşünürəm ki, icmanın UNESCO çərçivəsində atdığı bu addıma beynəlxalq aləm etinasız qalmamalı və hərəkətə keçməlidir”. 

F.Ələkbərli qeyd etdi ki, o ərazilərdə, azərbaycanlıların yurdunda ermənilər vandalizm aktları həyata keçirib. “Ancaq onlar o torpaqlarda nə qədər vandalizm törətsələr də, maddi-mədəni, tarixi irsimizi dağıtsalar da, oradan bizim izlərimizi silməyə çalışsalar da, bizə aid abidələri təhrif etsələr də, yenə də o torpaqlar Azərbaycan türklərinə məxsusdur və onlar qayıdıb öz yurdlarında yaşayacaqlar” - deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA





Seçilən
14
baki-xeber.com

1Mənbələr