Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələnin “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş) müzakirəsi olduğunu deyib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini qeyd edib ki, bu il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” qanun layihəsini Ali Məclisə təqdim edib. Qanun layihəsi dekabrın 11-də Ali Məclisin İqtisadi siyasət komitəsinin iclasına verilib və müzakirələrdən sonra büdcə layihəsinin Ali Məclisin növbəti iclasına təqdim olunması qərara alınıb.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə danışıb, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov qanun layihəsinin gəlir və xərc istiqamətləri barədə məlumat verib.
Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə auditor hesabatını diqqətə çatdırıb.
Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb, İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev komitənin rəyini bildirib.
İclasda “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib, söylənilmiş təklif və iradlar nəzərə alınmaqla layihə üzərində işin davam etdirilməsi qərara alınıb.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb.