Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşib. 32 ildən sonra Xocalının Ballıca kəndinə köçən ailələrə açarları təqdim edilib. Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. E.Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb. Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilir.
Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olunub.
Xocalı sakinlərinin, keçmiş məcburi köçkünlərin nəhayət ki, 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşadıqlarını vurğulayan Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, orada həyat yenidən canlanır:
“Xocalının yaraları sarınır. 44 günlük İkinci Qarabağ savaşından və 23 saatlıq antiterror əməliyyatından Zəfərlə çıxan Azərbaycan dövləti vaxt itirmədən bir tərəfdən erməni vandalizmi nəticəsində viran qalmış ərazilərimizin dirçəlişi işlərini davam etdirir, digər tərəfdən isə Böyük Qayıdış çərçivəsində addımlar ataraq müharibənin vurduğu yaraları sarımağa səy göstərir. Bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanının yola salınması da sözügedən addımlardan biridir. Belə ki, bu gün Xocalının Ballıca kəndinə ilk mərhələ üçün 27 ailə (152 nəfər) köçürüldü.
Bildiyimiz kimi, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində işğaldan azad olunmuş Xocalıya ilk köç bu ilin may ayında baş tutub. Sonrakı aylarda da bu proses davam etdirilib. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Xocalı şəhərində və ətraf kəndlərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Bütün bu işlər məhz Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində aparılır. Başqa sözlə desək, Xocalı şəhəri yenidən salınır. Vaxtilə erməni qəsbkarlarının qan gölünə çevirdikləri Xocalıda indi həyat yenidən dirçəlir.
Doğma yurdlarına qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir, torpaqlarımızı düşmən tapdağından azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə, qazilərimizə öz şükran və minnətdarlıqlarını bildirirlər. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda canlarından keçən şəhidlərimiz də unudulmur. Onların da ruhuna dualar oxunur, xatirələri əziz tutulur.
Şuşaya, Xankəndiyə, Laçına, Xocalıya Böyük Qayıdış prosesi bundan sonra da uğurla davam etdiriləcək. Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min nəfərdən çox yurddaşımız məskunlaşıb. 2025-ci ildə qayıdış prosesi daha intensiv xarakter alacaq. Vaxtilə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ bölgəsindən vəhşicəsinə qovulan vətəndaşlarımızın indi öz doğma yurdlarına qayıtması onların təbii haqqı və hüququdur. Bu gün Qarabağımıza baş tutan hər bir köç mərhələsi ermənilərə vurulan ağır psixoloji zərbə deməkdir. Lakin bu məsələ təkcə psixoloji zərbə ilə bitməyəcək. Biz Xocalı soyqırımını törədən canilərin hüquqi cəza almasına da nail olacağıq. Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verəcəklər”.