AZ

Renat Dadaşov zədədən qayıtdı, “Ankaragücü” evdə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 16-cı turu çərçivəsində “Manisa” ilə qarşılaşıb.

Ankara təmsilçisi doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Renat qarşılaşmanın 82-ci dəqiqəsində meydana buraxılıb. Bu, xeyli müddətdir zədədən əziyyət çəkən Renatın əməliyyatdan sonrakı ilk oyunu olub. Amma onun yaşıl meydanlara qayıdışı Ankara klubunu məğlubiyyətdən xilas etməyə yetməyib.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə iştirak ərizəsinə daxil edilməyib.

“Ankaragücü” 16 turdan sonra 23 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Futbolçularımızın komandası 16 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 10 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 3 oyun keçirib.

Seçilən
27
arena.az

1Mənbələr