Türkiyənin Suriyadakı səfirliyi bu gündən etibarən fəaliyyətə başlayacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. O, gündəmdəki aktual məsələləri qiymətləndirərkən, Türkiyənin Mavritaniyadakı səfiri Burhan Koroğlunun Suriyadakı səfirliyin müvəqqəti işlər vəkili təyin edildiyini xatırladıb. Hakan Fidan Koroğlu və komandasının artıq Dəməşqə getdiyini və səfirliyin fəaliyyətə başlayacağını bildirib.
Dəməşq şəhərinin Ravda Meydanı yaxınlığında yerləşən Türkiyə səfirliyi rejimin dinc nümayişçilərə qarşı zorakılığa əl atdığı dövrdə bir müddət xidmət göstərməyə davam etmiş, lakin 2012-ci il martın 26-da fəaliyyətini dayandırmışdır. Səfirlik əməkdaşları və onların ailə üzvləri də bu səbəbdən Türkiyəyə qayıdıb. Bununla yanaşı, Suriyanın İstanbuldakı Baş Konsulluğu fəaliyyətini davam etdirib.