AZ

TDT Milli Kitabxanalar birliyi fəallaşır

Azərbaycan Milli Kitabxanası cari ildə önəmli tədbirlərin keçirilməsi, sərgilərin açılması, yeni kitabların nəşri sahəsində fəaliyyətini genişləndirib. Bizimlə söhbətində kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov bu barədə danışdı:

– Tədbirlərimiz əsasən Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi və Azərbaycan Tərəflər Konfransının noyabrda Bakıda keçirilən 29-cu sessiyasına (COP29) aid olub. İlin əvvəlində kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda müvafiq sahəyə dair ədəbiyyatdan ibarət daimi guşə açdıq, eləcə də elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim edildi. May ayında “Yaşıl dünya naminə” daycet hazırlanıb. Oktyabr ayında isə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda “Azərbaycan ekologiyası” biblioqrafik kitabı nəşr edilib.

Kitabxanada Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı daimi guşə yaradılıb. Burada Şuşaya aid virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub. Həmçinin Naxçıvan Muxtar Respublikasının 100, Məhəmməd Əmin Rəsulzadənin 140, Məhəmməd Füzulinin 530, Nəbi Xəzrinin 100 illik yubilikləri ilə bağlı ənənəvi və virtual sərgilər, guşələr açılıb, kitablar nəşr edilib, tədbirlər keçirilib.

Cari ildə Milli Kitabxana ölkədaxili və dünya miqyasında keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olub. Qətərdə, Özbəkistanda, Qazaxıstanda keçirilən mədəniyyət günləri çərçivəsində kitab sərgiləri açılıb, tədbirlər keçirilib.

– Kərim müəllim, bu yaxınlarda Milli Kitabxanada Türk Dünyası Milli Kitabxanalar Birliyinin iclası olub və siz sədr seçilmisiniz. İstərdim, birliklə bağlı planlarınızdan danışasınız.

– Bu istiqamətdə işlərimiz çoxdur. Birliyin sədri kimi mənim namizədliyim təklif edildi və yekdilliklə qəbul olundu. Eyni zamanda, Birliyin idarəedici orqanı olan Direktorlar Şurası da yaradıldı. Qeyd edim ki, 1993-cü ildən bəri təşkilatın Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda dəfələrlə iclasları keçirilsə də, rəsmi şəkildə qeydə alınmamışdı. İlk işimiz təşkilatı qeydiyyatdan keçirməklə ona rəsmi status vermək oldu. Təşkilatın əsas vəzifəsi Türk dünyasının, türkdilli xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında çox böyük rol oynayan milli kitabxanaların fəaliyyətinin əlaqələndirilməsi, onların birgə müxtəlif layihələr həyata keçirməsi və türk mədəniyyətinin, irsinin dünya miqyasında daha geniş təbliğ olunmasıdır.

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
31
xalqqazeti.az

1Mənbələr