AZ

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası universitetlər və orta məktəblərlə əməkdaşlıq əlaqələri quracaq

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (ASTA) universitetlər və orta məktəblərlə əməkdaşlıq qurmağı hədəfləyir. Bu təşəbbüs çərçivəsində təhsil ocaqları ilə elmi bilik və təcrübə mübadiləsi nəzərdə tutulur. Məqsəd təhlükəsizlik mədəniyyətinin formalaşmasını kiçik yaşlardan başlamaqla təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə Bakıda “Sıfıra doğru” şüarı altında keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı söyləyib.

O, ASTA-nın iqlim dəyişiklikləri ilə mübarizə və sənayedə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində mühüm təşəbbüslər həyata keçirdiyini qeyd edib. Bildirib ki, bu çərçivədə ASTA-nın təşəbbüsü ilə müxtəlif sənaye sahələrini əhatə edən dəyirmi masalar təşkil olunub: “Bu müzakirələrin nəticəsi olaraq özəl sektorun səkkiz fərqli iştirakçısı ilə bəyannamələr imzalanıb. Bu addım özəl sektorun dayanıqlı inkişaf məqsədlərinə dəstək vermək öhdəliyini gücləndirib”.

“Assosiasiyanın əsas məqsədi sənaye obyektlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, təhlükə potensialı olan obyektlərdə risklərin azaldılması və sənayedə təhlükəsiz əməliyyatların təmin edilməsidir. Bu yanaşma, sənaye təhlükəsizliyi və dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq, həm milli, həm də beynəlxalq səviyyədə qabaqcıl təcrübələrin tətbiqinə xidmət edir. ASTA sənaye təhlükəsizliyinə dair davamlı təkmilləşdirmələr həyata keçirməklə yanaşı, bu mədəniyyətin cəmiyyətin bütün səviyyələrində geniş yayılmasını təmin etməyə çalışır”, - deyə O.Xəlilzadə əlavə edib.

 

 

Seçilən
22
azertag.az

1Mənbələr