AZ

Minadan zərərçəkənlərlə bağlı tədqiqatın nəticələri açıqlandı –FOTO

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində Azərbaycanda minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbir keçirilib.

Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə AMZA sədri, layihə rəhbəri Rey Kərimoğlu çıxış edərkən bildirib:

“Biz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirdik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə Edilməsi Sistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihənin icrası və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat”, “Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi” adlı anketlərin doldurulması üçün zərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayon və şəhərlərdən minə yaxın minadan zərərçəkəndən 866-sı sorğulara cəlb olunaraq toplanmış məlumatlar təhlil edilib. Toplanmış məlumatlar mina/PHS-lərin (Partlamamış Hərbi Sursatlar) insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Bu cür vacib layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və komandasına minnətdarlığımızı bildiririk.”

R.Kərimoğlu layihənin icrasına yaxından dəstək verdiyinə görə ANAMAvə BAMF rəhbərliyinə, həmçinin dövlət orqanlarına minnətdarlığını bildirib.

Açılış nitqindən sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib. 

Ekspertin çıxışından sonra söz alan ANAMA Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri mina probleminin aktuallığı və ANAMA-nın mina probleminin nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü tədbirlərdən danışdı:

"Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb, onlardan 70 nəfər həlak olub, 312 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu hadisələrin 70%-ə yaxını müdafiə məntəqələrində deyil, keçmiş təmas xəttindən kənarda mülki təyinatlı ərazilərdə qeydə alınıb. Sözsüz ki, aparılan maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 2020-ci ildən bu günə qədər insidentlərin sayında azalma müşahidə olunub. Dövlət qurumları – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər - səhiyyə, sosial müdafiə qurumları ilə birgə görülən tədbirlərin nəticəsində insidentlərin yarıdan çoxunun qarşısı alınıb”.

ANAMA rəsmisinin çıxışından sonra söz alan BMTİP-in regional ofisinin minatəmizləmə üzrə proqram mütəxəssisi Qədim Tariq tədqiqatı yüksək qiymətləndirdi, həmçinin Azərbaycanın mina probleminin aktuallığı və problemlərin aradan qaldırılmağı yolunda beynəlxalq dəstəyin vacibliyini vurğuladı. Təmsil etdiyi təşkilatın bu yolda fəaliyyətindən də danışan Q.Tariq bundan sonra da dəstəyin artan templə davam edəcəyini qeyd etdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev də ev sahibi kimi qonaqları salamladı və AMZA heyətinə tədqiqat üçün təşəkkür etdi. BAMF-ın 25 ildən uzun müddətdir ki, mina probleminin həlli yolunda göstərdiyi səyləri barədə iştirakçıları məlumatlandıran U.Mirzəyev bu problemlə mübarizədə dövlət qurumlarıyla QHT-lərin qarşılıqlı fəaliyyətinin vacibliyindən danışdı.

Tədbirin gedişində UNICEF-in Fövqaladə Hallar və PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədri Professor Elşad Məmmədov, ƏƏSMN-nin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, Minadan zərərçəkən. ANAMA yanında ictimai şuranın üzvü Hafiz Əzimzadə, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyev, TƏBİB əməkdaşı Elşad Əliyev,“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov, Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin direktoru Nadir Cəfərov,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə və digər iştirakçılar söz alaraq tədqiqata və layihəyə dair razılıqlarını ifadə etdilər. 

Tədbirin sonunda iştirakçılar və təşkilatçılar xatirə fotosu çəkdirdilər.

 

222222
Seçilən
10
14
redaktor.az

10Mənbələr