Təbriz Musayev: “Bu, Naxçıvanla bağlı Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi anlamına gəlir”
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmiryolunun bərpasının necə olacağı ilə bağlı ümumi anlaşma əldə olunub”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O, xüsusilə qeyd edib ki, söhbət Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçən Naxçıvan yolundan gedir: “Deməliyəm ki, biz (yəni Rusiya) erməni və azərbaycanlı tərəfdaşlarımızla nizamlanmanın bir çox istiqamətlərində artıq ciddi nəticələr əldə etmişik. Mən regional nəqliyyat kommunikasiyalarının, ilk növbədə, dəmiryolunun blokdan çıxarılmasından danışmaq istərdim. Üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup dəmir yolu əlaqəsinin necə bərpa ediləcəyi ilə bağlı ümumi anlaşma əldə edib”.
Maraqlıdır, Qaluzin ümumi anlaşma deyəndə burada konkret hansı məqamların razılaşdırılmasını nəzərdə tutur?
Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, bu, Naxçıvana gediş-gəlişlə bağlı Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi anlamına gəlir: “Ən azından bununla bağlı Azərbaycanın mövqeyi bəllidir. Bu da ondan ibarətdir ki, Naxçıvana Zəngəzur üzərindən gediş-gəliş maneəsiz olmalıdır. Bunun əksi olacağı halda rəsmi Bakının bunu qəbul edəcəyini düşünmürəm. Ondansa İran vasitəsi ilə Naxçıvanla yeni nəqliyyat əlaqəsinin qurulması üzərində iş gedir. Elə Azərbaycan ona üstünlük verərdi. Söhbət Zəngilandan Araz çayını keçməklə İran üzərindən çəkilən yoldan gedir. Zəngəzur dəhlizini bizim üçün cazibədar edən odur ki, oradan gediş-gəliş maneəsiz olacaq və məsafə baxımından həmin yol daha əlverişlidir. Çünki digər alternativlərlə müqayisədə qısadır. Yolun Ermənistandan keçən hissəsinin uzunluğu 44 kilometrdir. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirdi ki, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallar var və hazırda bunlarla bağlı danışıqlar davam edir. Düzdür, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı məsələni sülh sazişi layihəsindən çıxarıb. Ancaq bu və ya digər şəkildə sülh danışıqlarında ümumi irəliləyiş Naxçıvana Zəngəzur üzərindən yolun açılmasına da müsbət təsir edir. Çünki sözügedən məsələlər bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır. Rusiya 10 noyabr 2020-ci ildə əldə edilən üçtərəfli razılaşmanın 9-cu bəndindən çıxış edərək danışıqlarda iştirak edir. Qeyd edək ki, həmin bəndə əsasən Naxçıvana gedən yolun təhlükəsizliyini Rusiya FTX-si təmin edəcək. Görünür, rəsmi İrəvan bu məsələdə hansısa güzəştə gedib, yoxsa Qaluzin belə bir açıqlama ilə çıxış etməzdi”.
Vidadi ORDAHALLI