AZ

Milli sənayemizin artım dinamikası davam edir

Bu ilin 11 ayında ölkədə 58,3 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Son illər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayedə yeni istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlər sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanşı, qeyri-neft sektorunun inkişafına da mühüm töhfələr verir.

Bu baxımdan yola salmağa hazırlaşdığımız 2024-cü il də ölkə sənayesi üçün dinamik inkişaf dövrü kimi xarakterizə oluna bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Hesabat dövründə sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri neft-qaz sektorunda 7,2 faiz artıb. Sənaye məhsulunun 64,4 faizi isə mədənçıxarma sektorunun payına düşüb. Cari ilin 11 ayında mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 faiz azalsa da, əmtəəlik qaz hasilatı 5,9 faiz artıb.

Yanvar-noyabr aylarında sənaye məhsulunun 29,8 faizi emal sektorunda istehsal olunub. Sözügedən sektorda ən yüksək artım isə əczaçılıq məhsullarının istehsalında qeydə alınıb. Belə ki, ölkədə yeni dərman və tibbi ləvazimatların istehsalı ilə məşğul olan müəssisələrin istifadəyə verilməsi nəticəsində ilin ötən dövründə bu sahədə 2 dəfə artım baş verib. Hesabat dövründə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6 faiz, mebel istehsalı 40,5 faiz, hazır metal məmulatlarının istehsalı 35,7 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, geyim istehsalı 28,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 21,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 17,7 faiz artıb. Bununla yanaşı, sənayenin içkilərin, qida məhsullarının və tütün məmulatlarının, eləcə də tikinti materiallarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və kartonun, kompüter, elektron və optik məhsulların, kimya sənayesi mallarının və sair sənaye məhsullarının istehsalında da artım baş verib.

Bu ilin 11 ayında emal sənayesinin digər sahələrində – maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində, neft məhsullarının, toxuculuq sənayesi, poliqrafiya mallarının, maşın və avadanlıqların, eləcə də sair nəqliyyat vasitələrinin istehsalında isə əksinə, azalma qeydə alınıb.

Yanvar-noyabr aylarında sənaye məhsulunun və sənaye xarakterli xidmətlərin 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşüb. Hesabat dövründə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz azalsa da, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,5 faiz artıb.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, eləcə də bu sahədə ixrac potensialının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da ölkəmizdə qeyri-neft sənayesində mühüm növ malların istehsalının və ixracının getdikcə artmasına səbəb olur. Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yazığına görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3,1 milyard ABŞ dollar təşkil edib. Hesabat dövründə yeyinti məhsulları 12,3 faiz artaraq 923 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4 faiz (37,5 milyon dollar), pambıq lifi 52,6 faiz (170 milyon dollar), bitki mənşəli yağlar və piylər 32 faiz (25,5 milyon dollar), qiymətli metallar 29 faiz (189,8 milyon dollar), kimya sənayesi məhsulları 19,6 faiz (265,6 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar isə 1,5 faiz (182,7 milyon dollar) artıb. Hesabat dövründə aqrar məhsullar 4,4 faiz (701,7 milyon dollar), aqrar-sənaye məhsulları 58,3 faiz (287,3 milyon dollar) çoxalıb. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon dolları təşkil edib.

 

Seçilən
14
50
xalqqazeti.az

10Mənbələr