AZ

Malayziyada “Ürəkdə yazı” kitabının müzakirəsi keçirilb

Malayziyanın Selanqor ştatının mərkəzi Şah Alam şəhərində yerləşən və ölkənin ən böyük kitabxanalarından biri olan Selangor Dövlət Kitabxanasında XX əsr Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitabın müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, əsasən tələbələrdən və müəllim-professor heyətindən ibarət 170-dən çox oxucunun iştirak etdiyi tədbirdə kitabxananın direktoru Datin Paduka Mastura Hacı Muhamad, Malayziya Tərcümə və Kitab İnstitutunun icraçı direktoru Sakri Abdullah və ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov çıxış ediblər. Natiqlər iki dost ölkə arasında əlaqələrin inkişafında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu baxımından Azərbaycanın ədəbiyyat nümunələrinin tərcümə və çap edilməsinin əlamətdar hadisə olduğunu bildiriblər. Qeyd olunub ki, azərbaycanlı alim, malay dili üzrə mütəxəssis Həbib Zərbəliyevin malay dilinə tərcümə etdiyi hekayələr toplusu ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Malayziya Tərcümə və Kitab İnstitutu tərəfindən çap olunub.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində dövlətimizin gördüyü işlərdən danışan səfir İ.Davudov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmindən danışıb. O, həmçinin qədim dövrlərdən başlayaraq, Azərbaycanın şifahi xalq ədəbiyyatının inkişafı, xalqımızın görkəmli yazıçı və şairləri barədə qısa məlumat verib.

Sultan İdris Universitetinin professoru Ariff Mohamadın moderatorluğu ilə keçən müzakirələrdə Malayziya Milli Universitetinin professoru Mavar Safei, yazıçı Seyid Mohd Zakir çıxış ediblər. Tədbirə Bakıdan onlayn formatda qoşulan professor H.Zərbəliyev Azərbaycan ədəbiyyatının müxtəlif qolları, şifahi və yazılı ədəbiyyatımızın inkişaf yolu, kitabda hekayələri yer almış yazıçılar C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.C.Paşayev, Elçin və Anarın yaradıcılığı barədə danışıb, onların timsalında XX əsr Azərbaycan ədəbiyyatının əsas xüsusiyyətləri barədə oxucuları məlumatlandırıb.

Müzakirələr sual-cavab sessiyası ilə davam etdirilib.

Seçilən
31
ikisahil.az

1Mənbələr